Uzun müddət davam edən soyuqdəymə və ya yüksək hərarət antibiotik qəbul etmək üçün əsas deyil. Həkimlər xəbərdarlıq edirlər ki, bu preparatların virus infeksiyaları zamanı istifadəsi fayda vermədiyi kimi, sağlamlığa ciddi zərər də vura bilər.
HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşrinə “Juvi Clinic” klinikasının terapevti Andrey Solovyov danışıb.
Onun sözlərinə görə, antibiotiklər yalnız bakteriyalara qarşı təsirlidir və virusları məhv etmir. Buna görə də adi soyuqdəymə, qrip və COVID-19 zamanı bu dərmanların qəbulu mənasızdır.
Həkim bildirib ki, virus infeksiyasının ilk günlərində antibiotik qəbul etmək orqanizmin faydalı mikroflorasına zərər vurur. İnsanlar bəzən mümkün fəsadların qarşısını almaq məqsədilə bu preparatları “ehtiyat üçün” içirlər. Lakin nəzarətsiz istifadə antibiotiklərə davamlı bakteriyaların yaranmasına səbəb ola bilər.
Yüksək hərarət antibiotik qəbuluna əsas deyil
Solovyovun sözlərinə görə, xəstəlik zamanı hərarətin yüksəlməsi immun sisteminin orqanizmə daxil olan yad agentlərə təbii reaksiyasıdır. Təkcə bu əlamət əsasında infeksiyanın bakterial və ya virus mənşəli olduğunu müəyyənləşdirmək mümkün deyil.
Həkim qeyd edib ki, virus infeksiyalarının ilk günlərində bədən temperaturu 39 dərəcəyədək yüksələ bilər. Bu hal öz-özlüyündə antibiotik qəbulunu zəruri etmir.
Antibiotiklər bağırsaq mikroflorasına da zərər vurur
Mütəxəssis xəbərdarlıq edib ki, antibiotiklərin göstəriş olmadan qəbulu bağırsaq mikrobiotasını poza bilər. Bu zaman zərərli bakteriyalarla yanaşı, orqanizm üçün faydalı mikroorqanizmlər də məhv olur. Nəticədə Candida göbələkləri və Clostridium difficile bakteriyası kimi patogenlər çoxalaraq əlavə xəstəliklərə yol aça bilər.
Nəzarətsiz antibiotik istifadəsi uzunmüddətli ishal və həzm problemləri ilə də nəticələnə bilər. Həkimin sözlərinə görə, bəzi ağır hallarda bağırsaq mikroflorasının bərpası üçün mürəkkəb və bahalı müalicə üsullarına ehtiyac yaranır.
Antibiotiklər hansı hallarda lazımdır?
Solovyov bildirib ki, bu preparatların istifadəsi yalnız bakterial infeksiya təsdiqləndikdə və ya onun yaranma riski yüksək olduqda əsaslıdır.
Belə hallara streptokok mənşəli angina, bakterial pnevmoniya, pielonefrit, meningit, abses, fleqmona, furunkul, sepsis, eləcə də sidik-cinsiyyət sistemi infeksiyaları daxildir.
Həkim antibiotiklərin yalnız mütəxəssis təyinatı ilə qəbul edilməsinin vacibliyini vurğulayıb.
Samir


