Astronomlar Günəş sistemindən kənarda ilk təbii peykin izlərini aşkar ediblər. Lakin bu göy cismi indiyədək məlum olan peyklərdən fərqlənir: o, planetin deyil, qəhvəyi cırtdanın ətrafında dövr edir.
HİT.az xəbər verir ki, bu barədə “Descopera” nəşri məlumat yayıb.
Avropa Cənub Rəsədxanasının (ESO) Çilidə yerləşən Çox Böyük Teleskopu (VLT) vasitəsilə aparılan müşahidələr CD-35 2722 ulduz sistemində nəhəng, Aya bənzər cismin mövcudluğuna dair əlamətləri üzə çıxarıb.
“Nature” jurnalında dərc olunan araşdırmanın aparıcı müəllifi, ESO-da çalışan Kevin Hoy bir neçə ay ərzində bu sistemi tədqiq edib. Alimlərin diqqətini çəkən əsas məqam namizəd peykin ətrafında fırlandığı obyektin qəhvəyi cırtdan olmasıdır. Bu göy cisimləri adi ulduzlardan kiçik, planetlərdən isə daha kütləli olur və hidrogenin davamlı termonüvə sintezini təmin edə bilmirlər.
Tədqiqatçılar ehtimal olunan peyki ekzomərcan adlandırırlar. Onun kütləsinin ən azı Yupiterin kütləsi ilə müqayisə oluna biləcəyi bildirilir. Ətrafında dövr etdiyi qəhvəyi cırtdan isə Yupiterdən 30 dəfədən çox ağırdır. Bu göstəricilər ehtimal olunan peyki Günəş sistemindəki bütün təbii peyklərdən daha kütləli edir.
Araşdırmanın həmmüəllifi, astrofizik Elis Zurlo bildirib ki, aşkar edilmiş obyekt nəhəng qaz cismidir və onun kütləsi adi peyklər üçün xarakterik göstəricilərdən xeyli yüksəkdir.
Alimlərin fikrincə, bu kəşf planet, ulduz və təbii peyk anlayışları arasındakı sərhədlərin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Günəş sistemində bu cisimləri fərqləndirmək nisbətən asandır. Lakin CD-35 2722 sistemindəki qeyri-adi quruluş onların təsnifatını çətinləşdirir.
Bununla belə, kəşfin hələ əlavə müşahidələrlə təsdiqlənməsinə ehtiyac var. Gələcək tədqiqatlar belə nəhəng peyklərin kainatda nadir hadisə, yoxsa daha geniş yayılmış göy cisimləri qrupu olduğunu müəyyənləşdirməyə kömək edə bilər.
Samir


