Azərbaycanda 5 ildə 350 mindən çox abort edilib

SOSİAL
17:59 / 31.10.2026
52

Azərbaycanda abortların sayı son 5 ildə kəskin artım özünü göstərir.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə,2021-ci ildə ölkədə 46,9 min abort qeydə alınmışdısa, 2025-ci ildə bu rəqəm 95,3 minə çatıb. 

Rəsmi rəqəmlərə görə, abortların illik dinamikası belədir:
- 2021-ci il - 46,9 min
- 2022-ci il - 58,0 min
- 2023-cü il - 73,8 min
- 2024-cü il - 78,2 min
- 2025-ci il - 95,3 min (95 344)

Ən kəskin artım son bir ildə qeydə alınıb. Belə ki, 2024-cü ildən 2025-ci ilə keçidə abortların sayı 17 mindən çox, yəni 21,9 faiz artıb.

Artımı göstərən daha bir kritik göstərici 15-49 yaşlı hər 100 doğuşa düşən abortların sayıdır.

2021-ci ildə hər 100 doğuşa 42,3 abort düşürdüsə, 2025-ci ildə bu rəqəm 100,7-yə yüksəlib. Yəni hazırda Azərbaycanda abortların sayı diri doğuşların sayını ötüb. Bunun səbəblərindən biri də doğuşların azalmasıdır. Belə ki, 2021-ci ildə 110,7 min doğuş qeydə alınmışdısa, 2025-ci ildə bu rəqəm 94,7 minə düşüb.

Ən sürətli artım dərman vasitəsi ilə olan abortlardadır. 2021-ci ildə cəmi 90 hal qeydə alınmışdısa, 2025-ci ildə 1049 hal qeydə alınıb. Yəni artım 11 dəfədən çoxdur.

Statistikada göstərilən məlumatlara əsasən isə birinci hamiləliyin pozulması hallarında azalma müşahidə olunur.2024-cü ildə 2,3 min olan bu göstərici 2025-ci ildə 1,3 minə düşüb.

0