“Volkswagen”in yeni modeli 19 saata 10 mindən çox SİFARİŞ ALDI

AVTO
17:00 / 28.10.2026
280

“FAW-Volkswagen” birgə müəssisəsinin büdcəyönümlü alt brendi olan “Jetta”nın ilk tam elektrikli modeli “M6” Çin bazarında böyük rezonans doğurub. 

Hit.az xəbər verir ki, oktyabrın 22-də baş tutan rəsmi təqdimatdan dərhal sonra – cəmi 19 saat ərzində elektrikli sedan üçün beh ödənilmiş 10 mindən çox qəti sifariş qeydə alınıb.

Yeni “Jetta M6” müxtəlif alıcı ehtiyaclarına uyğun iki fərqli güc və batareya konfiqurasiyasında təklif olunur. Birincisi baza komplektasiyasıdır. Bu model 11,900 dollar başlangıc qiyməti ilə satışa çıxarılıb. Giriş versiyası 113 кVt (152 at gücü) mühərrik və 42,9 кVt/saatlıq LFP batareya bloku ilə təchiz olunub. Bu aqreqat tək şarjla 465 kilometrlik yürüş məsafəsi vəd edir.

İkinci model isə yüksək versiyadır. 14,900 dollar dəyərində olan üst komplektasiya isə 145 кVt (195 at gücü) gücündə mühərrik və 51,9 кVt/saatlıq daha böyük batareya bloku ilə gəlir. Avtomobil bu versiyada 555 kilometrədək gediş məsafəsi təmin edir.

Üstəlik, sedanın ən üst komplektasiyası şəhər daxilində və magistral yollarda xəritə dəstəkli avtonom naviqasiya həyata keçirə bilən inkişaf etmiş L2 sürüş dəstək sistemi ilə komplektləşdirilib. “FAW-Volkswagen” rəhbərliyi tətbiq olunan avtonom texnologiyaya olan inamını nümayiş etdirmək məqsədilə avtomobilin alındığı gündən etibarən ilk bir il ərzində sürüş dəstək sistemi ilə bağlı baş verə biləcək bütün yol-nəqliyyat hadisələri və qəzalar üzrə dəymiş zərəri qarşılamağı öhdəsinə götürür.

Həmçinin, avtomobilin 4 806 mm gövdə uzunluğu və 2 820 mm aks məsafəsi daxili məkanda yüksək sərnişin rahatlığı təmin edir. Ön oxda “McPherson”, arxa oxda isə yarımmüstəqil asqı sistemi tətbiq olunub.

Bundan əlavə, interyerin ən diqqətçəkən özəlliyi hər iki ön oturacağın tamamilə hamar şəkildə qatlanaraq ikiadamlıq yataq platformasına çevrilə bilməsidir. Çində bu qiymət aralığındakı elektromobillərin tez-tez taksi kimi istifadə olunduğunu nəzərə alsaq, bu həll sürücülərə şarj fasilələri zamanı rahat istirahət imkanı yaradır.

Eyni zamanda, nəqliyyat vasitəsi 3,5 кVt-a qədər güc ötürmə qabiliyyətinə malik “V2L” sistemi ilə təchiz olunub. Bu funksiya xüsusilə düşərgə və səyahət həvəskarlarına xarici məişət cihazlarını birbaşa avtomobilin batareyası ilə qidalandırmaq imkanı verir.

Pərviz

0