May ayındayıq, amma hava isti deyil - SƏBƏB 

18:15 / 15.05.2024
407

May ayını yaşamağımıza rəğmən, havalar nisbətən soyuq keçir. 

Adətən bu zamanlarda havanın temperaturu yüksək olur və əsl yay ab-havası yaşanır. İndi isə mayın 2 həftəsi geridə qalmasına baxmayaraq, payız aylarına xas olan hava müşahidə olunur. 

Bəs may ayında havanın gözlənildiyi kimi isti olmaması nə ilə əlaqədardır? 

"Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, buna tsiklik hava pozulması deyirlər:

350324

"Yəni 10-15 ildə və ya daha az aralıqla belə hallara təbiətdə rast gəlinir.  Bunu meteoroloji arxivlərə baxdıqda da görmək olar. Hətta bizim tələbəlik dövrümüzdə də müəllimlərimiz mühazirələr zamanı belə anomaliyalarla bağlı çox danışıblar. Bu mənada, yaşadığımız may ayının daha sərin və yağıntılı, aprel ayının isə əvvəlki illərə nisbətən daha isti və quru keçdiyini müşahidə etdik".

O qeyd edib ki, bu məsələlərdə bir çox faktor rol oynayır:

"Atlantik okeanından, Portuqaliyanın Azor adalarının adını almış Azor minimumu deyilən bir cərəyan daxil olur. Bu zaman Qrenlandiyadan və Atlantik okeanından gələn soyuq və mülayim hava kütlələri ölkəmizə daxil olur. Nəticədə may ayının havası sərin və yağıntılı, bəzən isə soyuq olur".

Qorxmaz İbrahimli vurğulayıb ki, havanın belə keçməsinin hər hansısa problemi yoxdur:

"İnsanları heç nə qorxutmasın. Sadəcə sinoptiklərimizin verdikləri günlük və uzun vadəli hava proqnozuna fikir versinlər. Yəni qorxulu heç nə olmayacaq. Bir neçə günə havalar isinəcək və hətta bəzilərimiz sərin hava axtaracağıq".

Pərviz

0