Valideynlərin uşaqlara dediyi 5 ifadə onların dərsə marağını öldürə bilər

SOSİAL
09:52 / 01.11.2026
55

Valideynlərin uşaqları digər şagirdlərlə müqayisə etməsi, onların bacarıqlarını kiçiltməsi və sərt ifadələr işlətməsi dərsə həvəsi azalda, səhv etmək qorxusu yarada bilər. Mütəxəssislər hesab edirlər ki, bəzi ifadələr uşağın özünəinamına və öyrənmək istəyinə ciddi zərər vurur.

HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşrinə pedaqoq-psixoloq, “Umnoşkolı” layihəsinin həmtəsisçisi Şamil Əhmədullin danışıb.

Onun sözlərinə görə, valideynlərin gündəlik söhbətlərdə işlətdiyi beş ifadədən xüsusilə uzaq durmaq lazımdır.

1. “Filankəs oxuyur, bəs sən...”

Uşağı sinif yoldaşları ilə müqayisə etmək onda özünü başqalarından zəif hiss etməsinə səbəb olur. Bu cür yanaşma uşağa hansı sahədə irəliləməli olduğunu göstərmir, əksinə, özünəinamını sarsıdır.

Pedaqoq hesab edir ki, uşağı başqaları ilə deyil, özünün əvvəlki nəticələri ilə müqayisə etmək daha doğrudur. Məsələn, “Keçən dəfə beş səhvin var idi, bu dəfə üç səhv etmisən” demək onun inkişafını görməsinə və yeni uğurlara can atmasına kömək edir.

2. “Sənin riyaziyyata qabiliyyətin yoxdur”

Bu ifadə uşağın müəyyən fənni öyrənmək imkanlarına inamını azalda bilər. Əhmədullin valideynlərə “Hələlik alınmır” kimi ifadələrdən istifadə etməyi tövsiyə edir. Belə yanaşma bacarığın inkişaf etdirilə biləcəyini göstərir və uşağı cəhdlərini davam etdirməyə həvəsləndirir.

3. “Sənə görə utanıram”

Bu sözlər uşağın diqqətini konkret səhvdən uzaqlaşdıraraq onun şəxsiyyətinə yönəldir. Nəticədə məktəbli qiymətlərini gizlətməyə, dərsdə qarşılaşdığı çətinliklər barədə valideynlərinə danışmaqdan çəkinməyə başlaya bilər.

4. “Səndən heç nə olmayacaq”

Pedaqoqun fikrincə, bu ifadə uşağın gələcəyinə dair mənfi və dəyişməz hökm kimi qəbul oluna bilər. Belə sözlər onun öyrənmək istəyinə ciddi zərər vurur. Valideynlərinin ona inanmadığını düşünən uşaq zamanla özünə də inamını itirə bilər.

5. “Qiymətlərin heç bir əhəmiyyəti yoxdur”

Mütəxəssis məktəb qiymətlərini tamamilə əhəmiyyətsiz hesab etməyin də düzgün olmadığını bildirir. Xüsusilə uşaq yaxşı nəticə əldə etmək üçün zəhmət çəkibsə, onun nailiyyətini kiçiltmək motivasiyasına mənfi təsir göstərə bilər.

Əhmədullin valideynlərə uşağın şəxsiyyəti ilə onun nəticələrini bir-birindən ayırmağı tövsiyə edir. Məsələn, “Sən məsuliyyətsizsən” demək əvəzinə, “Ev tapşırığını etməmisən, gəlin səbəbini birlikdə araşdıraq” yanaşması daha faydalıdır.

Pedaqoqun fikrincə, uşaq başa düşməlidir ki, uğursuz nəticə onu pis insan etmir və hər bir səhvi düzəltmək mümkündür.

Samir
 

0