Mətbəxdə gündəlik istifadə etdiyimiz bəzi elektrik cihazlarını iş bitdikdən sonra rozetkada saxlamaq yanğın təhlükəsi yarada və əlavə enerji sərfiyyatına səbəb ola bilər.
HİT.az xəbər verir ki, Ukraynanın UNIAN nəşri “Simply Recipes”ə istinadən istifadədən sonra elektrik şəbəkəsindən ayrılması tövsiyə olunan üç məişət cihazını açıqlayıb.
Mənbənin məlumatına görə, cihaz söndürülsə belə, rozetkaya qoşulu qaldıqda müəyyən miqdarda enerji sərf etməyə davam edə bilər. Bu, “gözləmə rejimində enerji sərfiyyatı” adlanır. Bununla yanaşı, bəzi cihazların elektrik şəbəkəsinə qoşulu saxlanması yanğın riskini də artırır.
1. Hava fritözü (aerofritöz)
Bu cihaz işləmədiyi vaxt da elektrik şəbəkəsinə qoşulu qalarsa, enerji sərf edə bilər. Təhlükəsizlik baxımından istifadədən sonra onun fişini rozetkadan çıxarmaq tövsiyə olunur. Həmçinin yüksək temperatur yaradan bir neçə cihazı eyni rozetkaya qoşmaqdan çəkinmək lazımdır.
2. Toster
Tosterlərin daxilindəki qızdırıcı elementlər və yığılan çörək qırıntıları yanğın təhlükəsi yarada bilər. Elektrik şəbəkəsində baş verən nasazlıq və ya gərginliyin qəfil artması qırıntıların alışmasına səbəb ola bilər.
Bundan başqa, cihazın sadə quruluşlu açarları zamanla sıradan çıxa bilər. Nəticədə toster söndürülmüş görünsə də, elektrik gərginliyi altında qala bilər. Buna görə istifadə başa çatdıqdan sonra onu rozetkadan ayırmaq məsləhətdir.
3. Qəhvə aparatı
Bir çox insan səhər oyananda qəhvənin hazır olması üçün aparatı taymer vasitəsilə əvvəlcədən işə salır və onu gecə boyunca elektrik şəbəkəsinə qoşulu saxlayır. Lakin cihazın nəzarətsiz işləməsi mətbəxdə yanğın riskini artıra bilər.
Mütəxəssislərin tövsiyəsinə əsasən, qəhvə aparatını yalnız istifadə etməzdən əvvəl rozetkaya qoşmaq, iş bitdikdən sonra isə elektrik şəbəkəsindən ayırmaq daha təhlükəsizdir.
Qeyd edək ki, elektrik mütəxəssisləri əvvəllər də söndürülsə belə, rozetkada saxlanılan cihazların elektrik enerjisi sərfiyyatını artırdığını bildiriblər.
Samir


