SİYASƏT
13:43 / 23.04.2021
617

Mikayıl Cabbarov: “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - MÜSAHİBƏ

Məhsuldar şəkildə inkişaf edən Azərbaycan-İsrail münasibətləri iqtisadi sahədə də yaxşı əks olunub və bu işi Azərbaycan tərəfindən İqtisadiyyat naziri, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov aparır.
 
O, İsrailin Xarici İşlər naziri Gabi Aşkenazi ilə birgə Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasına rəhbərlik edir və həmsədrlərin növbəti həftə bir-biri ilə onlayn görüşü baş tutacaq.
 
Qlobal iqtisadiyyata zərər vuran koronavirus böhranı ikitərəfli iqtisadi münasibətlərə də öz təsirini göstərib.
 
Tərəflər iki ölkə arasında 2019-cu ildə rekord səviyyədə - 1 milyard 4 milyon dollar təşkil edən ticarət dövriyyəsini daha da artırmaq niyyətindədirlər.
 
Bakıda “Israel Hayom” nəşrinə verdiyi müsahibədə nazir Mikayıl Cabbarov hökumətlərarası əlaqələrə, ölkələr arasındakı iqtisadi münasibətlərə, ikitərəfli əməkdaşlığın daha da yaxşılaşdırılmasına və gücləndirilməsi imkanlarına, özünün İsrail dövlətinə olan münasibətindən bəhs edib.
 
İqtisadiyyat naziri qeyd etdi ki, İsrail Azərbaycan üçün üçüncü böyük ixracat yeri olaraq qalır.
 
“İndiki rəqəmlər bizi qane etmir və iki ölkə arasındakı ticarətin genişlənəcəyinə və güclənəcəyinə ümid edirik”, - deyə M.Cabbarov vurğulayıb.
 
- Sizcə, ölkələr arasındakı ticarət həcmi hansı sahələrdə genişləndirilə bilər?
 
- Turizm, kənd təsərrüfatı, xüsusən də aqrotexnologiya sahələrində qarşılıqlı faydalı əlaqələrin genişlənməsi üçün hər cür şərait mövcuddur. Bizim İsrail ilə kiber müdafiə, informasiya texnologiyaları, investisiya, təhsil, su ehtiyatları və səhiyyə sahələrində də səmərəli əməkdaşlığımız var.
 
Artıq Bakı İsraildə Azərbaycanın turizm bürosunun yaradılması barədə rəsmi qərar verib, həmçinin ticarət bürosunun yaradılması üzərində iş gedir.
 
Bu, Azərbaycan iqtisadiyyatının göstəricilərində də əks olunub. 2021-ci ilin birinci rübündə ölkə həm qeyri-neft ixracının həcmində, həm də toplanan vergi gəlirlərinin həcmində rekord göstəricilər əldə etdi.
 
Biz qısa müddətdə iqtisadi əlaqələrin inkişafına, dövlət və özəl biznes dialoqunun təşviqinə müsbət təsir göstərən Azərbaycan-İsrail Ticarət və Sənaye Palatasının yenidən canlandırılmasında da maraqlıyıq.
 
Biz İsrailin uğurlu peyvənd kampaniyası təcrübəsindən Azərbaycanda da istifadə oluna biləcəyinə əminik. Bu gün peyvənd olunan vətəndaşlarının sayı 15 faizi keçən və peyvəndə əlçatanlığın təmin olunduğu ölkəmiz, vaksinasiya tempinə görə region ölkələri arasında liderdir.
 
Texnologiya sahəsi də İsrail ilə əməkdaşlığı daha da yaxşılaşdırmaqda maraqlı olduğumuz sferalardan biridir.
 
- Ticarət həcminizi necə artıracaqsınız?
 
- Biznesi həddən artıq stimullaşdıra bilərik, lakin hər iki ölkənin fəal ikitərəfli dəstəyi olmadan bunu etmək daha çətindir. Özəl sektorda əlaqələr sürətlə möhkəmlənir. 
 
- İsrail hökumətinin rəsmiləri ilə tez-tez əlaqə qurursunuz?
 
- Çox vaxt peşəkar səviyyədə ünsiyyət qururuq və bizim çox yaxşı münasibətlərimiz var. İsrailin Azərbaycandakı səfirliyi ilə səmərəli əməkdaşlıq edirik. Eyni zamanda, İsrailin müxtəlif ofisləri ilə də əlaqə saxlayırıq.
 
- Azərbaycanda dövlətin yəhudi icması ilə əlaqələri üçün hansı vasitələr var?
 
- Biz əsrlər boyu birlikdə yaşamışıq və Azərbaycan dövlətinin dəyərləri bütün dinlərə və etnik qruplara hörmətə əsaslanır. Bunun sirri sadədir – biz hesab edirik ki, Azərbaycanda yaşayan hər bir etnik qrup cəmiyyətimizin ayrılmaz hissəsidir.
 
Bir-birimizə hörmət edirik, birlikdə sevinirik və böhranların öhdəsindən gəlirik. İstisnasız dini bayramları qeyd edirik, çiyin-çiyinə mübarizə aparırıq.
 
Azərbaycan nisbətən gənc ölkədir, lakin bizim uzunəsrlik və zəngin bir tariximiz var. Prezident İlham Əliyev ölkədəki bütün etnik qruplara qayğı göstərdiyi kimi yəhudi icmasına da diqqət yetirir.
 
Bu il Azərbaycan müstəqilliyinin 30 illiyini, gələn il isə İsrail ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək.
 
Bizim işimiz ikitərəfli münasibətləri yaxşılaşdırmaq səylərindən ibarətdir və bu səbəbdən də bu əlamətdar ildə müvafiq istiqamətdə işləyəcəyik.
 
Münasibətlərimizi daha da dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik.
 
- İsrail dövləti haqqında nə düşünürsünüz?
 
- Həm nazir kimi, həm də qeyri-rəsmi səfər çərçivəsində bir neçə dəfə İsraildə olmuşam. Düşünürəm ki, İsrail dövləti müstəsna keyfiyyətlərə malikdir.
 
Bu ölkədə təlimə, təhsilə, elmə hörmətlə yanaşırlar və ürəkdən əmək sərf edirlər. Yüksək həyat səviyyəsi, yüksək ÜDM və yüksək keyfiyyətli ali təhsil xoş təəssürat yaradır.
0