Süni intellekt agentləri ilk dəfə müstəqil kiberhücum həyata keçirib

TEXNO
15:48 / 02.11.2026
72

Süni intellekt agentlərinin tamamilə müstəqil şəkildə həyata keçirdiyi ehtimal olunan kiberhücum faktı qeydə alınıb. Hücum nəticəsində Rusiyada fəaliyyət göstərən şirkətlərdən birinin korporativ sistemlərinə sızılıb və məxfi məlumatlar ələ keçirilib. Hadisənin araşdırılması kibertəhlükəsizlik sahəsində yeni riskləri gündəmə gətirib.

HİT.az xəbər verir ki, bu barədə “Positive Technologies” şirkətinin mütəxəssisləri məlumat yayıb.

Şirkətin Kibertəhdidlərə Kompleks Reaksiya Departamentinin (PT ESC IR) mütəxəssisləri bildiriblər ki, bu, onların təcrübəsində süni intellekt agentləri tərəfindən tam şəkildə həyata keçirildiyi ehtimal olunan ilk uğurlu kiberhücumdur. Təhlükəsizlik səbəbindən hücuma məruz qalan şirkətin adı açıqlanmır.

Mütəxəssislərin sözlərinə görə, hücumun ilkin mərhələsindən daxili və kritik sistemlərdəki məxfi məlumatların oğurlanmasına qədər cəmi üç saat vaxt keçib. Bu müddət ərzində hakerlər korporativ infrastrukturun 10-dan çox komponentinə giriş əldə edə biliblər.

Araşdırma zamanı hücumun yüksək sürəti və qısa müddətdə çoxsaylı əməliyyatların həyata keçirilməsi diqqət çəkib. Bəzi addımlar isə insan məntiqi baxımından anlaşılmaz görünüb. Süni intellekt agentləri istifadə etdikləri alətləri özləri yaradıb və dəyişdirib, iş mühitini tapşırıqlara uyğunlaşdırıb, lazımi proqram kitabxanalarını və komponentləri quraşdırıblar.

Bununla yanaşı, hücum prosesində texniki səhvlərə də yol verilib. Məsələn, əmrlərin sintaksisində yanlışlıqlar və komponentlərin adlarında səhvlər qeydə alınıb. Lakin uğursuz cəhdlərdən sonra sistemlər tez bir zamanda düzəldilib və alternativ üsullardan istifadə olunub.

Mütəxəssislər hesab edirlər ki, hadisə süni intellekt texnologiyalarının kibertəhlükələrdə istifadəsinin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə, mürəkkəb əməliyyatların insan müdaxiləsi olmadan qısa müddətdə həyata keçirilməsi şirkətlərin informasiya təhlükəsizliyi sistemləri qarşısında yeni çağırışlar yaradır.

Samir

0