SİYASƏT
10:00 / 24.04.2021
937

İrəvan müharibəyə hazırlaşır? - Kremldən xəbərdarlıq

Kapitulyasiyadan sonra Ermənistanda sülh çağırışları hələ ki, müharibə və revanş çağırışları fonunda olduqca zəif eşidilir. Müvafiq surətdə savaş hazırlığı mövzusu məğlub ölkənin gündəmində daha ön yerdə sıra tutub, nəinki sülh hazırlıqları. 2-ci Qarabağ müharibəsinin vurduğu zərbədən özünə gələ bilməyən və yaxın illərdə gəlməsi də gözlənilməyən Ermənistanda beləcə, nə qədər qəribə də olsa, yenə də köhnə "bayatılar” səslənir, Azərbaycana və Türkiyəyə qarşı ksenofobiya körüklənir.

Bir sözlə, Ermənistan düşdüyü dərin siyasi-iqtisadi və sosial-demoqrafik böhrandan çıxmağa çalışmaq əvəzinə, köhnə və fəlakətli yola qayıtmaq çabası göstərməkdədir. Özü də söhbət təkcə radikal müxalifətdən və cəmiyyətin aqressiv kəsimindən deyil, eyni zamanda kapitulyasiya sənədinə imza atmış Paşinyan iqtidarının təmsilçilərindən gedir.

Bu gəlişmələr fonunda srağagün Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçilərinin Ermənistan tərəfindən atəşə tutulması diqqət çəkməyə bilməz. Demək, ermənilər müharibənin nəticələrindən hələ də dərs götürməyiblər. Az öncə Bakıda Hərbi Qənimətlər Parkının açılmasına verilən isterik reaksiya buna başqa bir dəlil-sübut sayıla bilər. Amma nahaq yerə. Çünki Park təzədən işğalçılıq niyyətinə düşmək istəyənlərdə mümkün sonuclar barədə yaxşı-yaxşı, iki dəfə düşünmək üçün güclü motiv yaratmalıdır...     

*****

"Bakıda açılan Müharibə Qənimətləri Parkı 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı və Azərbaycan Milli Ordusu tərəfindən İrəvana verilən müstəsna dərs barədə Ermənistana yaxşı bir xatırlatma rolunu oynayır”.

"Yeni Musavat”ın məlumatına görə, bunu müstəqil rus hərbi ekspert Aleksey Xlopotov "Modern Talking - Müasir Söhbət” Youtube kanalına verdiyi müsahibəsində bildirib.

"Azərbaycan erməni işğalçıları üzərində böyük, əlamətdar bir qələbə qazanıb. Azərbaycanlılar özlərinin qalib qəhrəmanlarını yadda saxlamalıdırılar”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, qənimət hərbi texnikanın oxşar parkları və sərgiləri dövlətlərin qazandıqları hərbi qələbələrin simvolizəsi kimi dünyanın müxtəlif ölkələrində mövcud olub və olmaqdadır: "Bu, tamamilə normal təcrübədir. 22 iyun 1943-cü ildə Moskvada Böyük Vətən Müharibəsinin ilk 2 ilində almanlardan alınan qənimət silah nümunələrinin sərgisi açılmışdı. Mən Bakının qələbəsini Böyük Vətən Müharibəsindəki ümumi qələbəmizlə müqayisə edərdim”.

Rus hərbi ekspert də Bakıda fəaliyyət göstərən parkın erməni revanşist qüvvələri güclü şəkildə qıcıqlandırdığı qənaətindədir. "Ermənistanda revanşizm dalğası başını qaldırır. Ancaq əgər onlar yeni müharibəyə başlasalar, bu, artıq Azərbaycan Milli Ordusunun İrəvanda tam qələbəsi ilə başa çatacaq. Odur ki, Bakıdakı Hərbi Qənimətlər Parkı İrəvana öz yerini bilməsi və qaynar başların soyuması baxımlından bir xatırlatma rolunu oynamalıdır”, - Xlopotov vurğulayıb və yada salıb ki, məhz Ermənistan 30 il öncə yad ölkənin torpaqlarına soxulub və Azərbaycan ərazilərini işğal edib.

*****

Bu xüsusda Rusiyanın Ermənistandakı radikal-revanşist qüvvələrə xəbərdarlığı da yerinə düşür. Belə ki, Rusiya XİN-i İrəvana regionu yenidən müharibə astanasına gətirə biləcək revanşist ritorikadan çəkinməyə dair çağırış edib.

"Çox böyük bədəl ödəndi. İnsanlar həyatını itirdi. Həm faciəli, həm də gələcəyə ümid verən bu məqamdan dinc və qurucu məqsədlər üçün istifadə edilməlidir, vəziyyəti daha da gərginləşdirmək üçün yox. Yeni ayırıcı xətlər və qıcıqlandırıcı faktorlar yaratmağa gərək yoxdur”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova srağagün jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə deyib. XİN sözçüsü Ermənistanda müharibə sonrası yaşanan intiqam ovqatına toxunaraq deyib: "Bəli, bu çox çətindir, xüsusilə də silahlı qarşıdurmadan sonra, həmçinin psixoloji cəhətdən. Bəli, çoxları razı deyil. Çoxları davam və ya revanş almaq istəyir. Bəs bu, sülhün əldə olunmasında faydalı olacaqmı? Cavab, məncə, aydındır. Xeyr, olmayacaq”.

*****

Göründüyü kimi, təkcə rusiyalı analitiklə deyil, Rusiya rəsmiləri də Ermənistanın Azərbaycanla növbəti hərbi avantüraya gedəcəyi təqdirdə daha ağır bədəl ödəyəcəyi barədə İrəvana aydın mesajlar verməkdə, xəbərdarlıqlar eləməkdədirlər.

"Həqiqətən Rusiya Qarabağdakı qırğını (oxu: Azərbaycan Ordusunun işğalçı qüvvələri tam darmadağın eləməsini - red.) dayandırmaqla çox şey etdi”.

Bu sözlər isə rusiyalı tanınmış politoloq Qriqori Trofimçuka məxsusdur.

Bununla yanaşı, onun fikrincə görə, problem bütün bu proseslərin bir müddət təxirə salınması ilə bağlıdır: "Çünki konkret olaraq Azərbaycan narazı qaldığı barədə getdikcə daha sərt siqnallar göndərir. Hər necə olmasa o da indi müəyyən edilmiş tendensiyaların sərt çərçivəsi daxilindədir. Ermənilərin müttəfiqləri olduğu kimi, eyni şəkildə Azərbaycan da müttəfiqlərə sahibdir və onların maraqlarını nəzərə almaq məcburiyyətindədir. Yəni hər şey o qədər də sadə deyil”.

Politoloq bundan sonra hadisələrin sürətlənəcəyini güman edir. "Ona görə ki 10 noyabr tarixli gecə razılaşması ilə öz həllini tapa bilməyən bir sıra anlaşılmazlıqlar və ziddiyyətlər var”, - deyə o əlavə edib.

Ancaq gerçək bundan ibarətdir ki, Ermənistan hansısa ziddiyyəti, boşluğu bəhanə edib sülhə və əməkdaşlığa yox, savaşa hazırlıq çabaları göstərməkdədir. Bununla da o, regional sülhdən qat-qat çox, özünün varlığını sual altına qoyur. Halbuki 10 noyabr kapitulyasiya sənədində qalib və məğlubun, həmçinin bu sənədə əsas qarantor dövlətin adları aydın göstərilib. Odur ki, Ermənistan özünü məğlub kimi aparmalı, yeni "oyun qaydaları”na əməl eləməlidir. Bu, hər şeydən öncə onun öz xeyrinədir...

2