Almaniyanın Bavariya əyalətinin baş naziri, Xristian-Sosial İttifaqının (CSU) sədri Markus Söder ölkədə məcburi hərbi xidmətin yenidən tətbiq edilməsinin vacibliyini bəyan edib.
HİT.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib. Söderin sözlərinə görə, Almaniya indiyədək görünməmiş yüksək təhlükə səviyyəsi ilə üzləşib və ölkənin müdafiə imkanlarını gücləndirməsi zəruridir.
Bavariya hökumətinin başçısı hesab edir ki, Almaniya silahlanmaya və hərbi infrastruktura böyük həcmdə investisiya yatırmalı, ordu üçün texnika və avadanlıqların satın alınması prosesini sürətləndirməlidir. Bununla belə, onun fikrincə, yalnız maliyyə və təşkilati tədbirlər mövcud problemlərin həlli üçün kifayət deyil.
“Bizə yenidən həqiqi ümumi hərbi mükəlləfiyyət lazımdır”, – deyə Söder vurğulayıb.
Qeyd edək ki, Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı da artıb. “Berliner Morgenpost” qəzetinin oktyabr ayında yaydığı məlumata görə, 2026-cı ildə hərbi xidmətdən imtina ilə bağlı rəsmi müraciətlərin sayı 12 102-yə çatıb.
Bu göstərici 2025-ci ilin bütün dövrü ərzində qeydə alınan 3 879 müraciətdən təxminən üç dəfə çoxdur. Bu vəziyyət Almaniyada hərbi xidmətin təşkili və ordunun şəxsi heyətlə təmin olunması məsələsini yenidən gündəmə gətirib.
Samir


