Azərbaycan yaxın zamanda Şimali Kipri tanıyacaq?

SİYASƏT
14:12 / 06.06.2023
647

"Azərbaycanın Şimali Kipr Türk Respublikasını əvvəl tanımaması Qarabağ problemi ilə bağlı idi".

Bunu HİT.az-a açıqlama verən politoloq Azər Qasımlı bildirib.

Lakin o, hesab edir ki, yaxın zamanda belə bir addımın atılması inandırıcı görünmür:

327450

"Çünki bu addımı atmaq üçün Qarabağ probleminin tamamilə həll olunması lazımdır. Yəni nə Ermənistanla, nə də Rusiya ilə Qarabağla bağlı heç bir problemlərimiz qalmamalıdır. Həmçinin, Rusiya sülhməramlıları Qarabağdan çıxmalı və o bölgə tamamilə Azərbaycana inteqrasiya olunmalıdır ki, bu mövzu tamamilə qapansın. Bu mövzu qapandıqdan sonra Azərbaycanın Şimali Kipr Türk Respublikasını tanıması məsələsi gündəmə gələ bilər".

Ekspert bildirib ki, rəsmi Bakının bu addımı atması Yunanıstanla münasibətlərin pozulmasına səbəb ola bilər: 

"Bu da müsbət bir hal deyil. Sözsüz ki, vəziyyətə uyğun qərar verilməlidir. Lakin yaxın vaxtlarda Azərbaycanın Şimali Kipr Türk Respublikasını tanıyacağına inanmıram. Nəzərə almaq lazımdır ki, indiki beynəlxalq münasibətlər sistemində Şimali Kipr Türk Respublikası elə də ciddi bir problem deyil. Düzdür, əvvəllər ciddi problem idi, amma indi bu məsələ ətrafındakı proseslər tamamilə səngiyib. Belə olan təqdirdə, bu mövzudan danışmağın tez olduğunu düşünürəm".

Pərviz

0