Moskvadan Bakıya şantaj cəhdi: Rusiya nəyi anlamalıdır?

SİYASƏT
20:33 / 21.07.2023
738

Moskva yeni tezis ortaya atıb: Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Ukrayna mövcud olacaq.

Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun bu açıqlamasının Kremlin siyasi leksikonu olduğu sirr deyil, lakin yenə də absurd və mənasız olduğu da ortadadır. Ermənistan Rusiyanın forpostu olub və hazırda Paşinyan hakimiyyətinin mərkəzdənqaçma siyasəti fonunda Moskvanın qəzəblənməsi normaldır. O cümlədən, Ukraynada müharibə aparan Rusiyanın bu ölkəyə qarşı ritorik hücumları da adət halını alıb.

Azərbaycanı bu siyahıya niyə daxil edirlər?

Bu baxımdan, Tolstoyun açıqlaması anlaşılmazdır. Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi MDB məkanında özünəməxsus yerə sahibdir. O cümlədən, Azərbaycaın dövlətçilik ənənələrinin tarixi əsrlərə dayanır, son 32 ildə - müstəqilliyin bərpa edilməsindən sonra həyata keçirilən siyasətin nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sisteminin əsas subyektlərindən birinə çevrilib, hətta bir çox məsələlərdə - enerji, nəqliyyat və s. – həlledici rola malikdir. Azərbaycan Rusiya da daxil olmaqla, heç bir ölkədən asılı deyil və xarici siyasətini kiminsə diktəsi ilə yox, milli maraqlara əsasən qurur. Bu strategiyada qonşuluq və dostluq prinsipinə də xüsusi önəm verilir. Rusiya da Azərbaycan üçün qonşu ölkə, o cümlədən, strateji tərəfdaşlardan biridir. Tolstoyun təhdid xarakteri daşıyan açıqlaması nə qonşuluq siyasətinə, nə də Bakı-Moskva xəttindəki münasibətlərin ruhuna uyğun deyil. Azərbaycan və Rusiya arasında ötən il imzalanan müttəfiqlik bəyannaməsi isə belə açıqlamalara Moskvanın özü tərəfindən imkan verilməməsini, ərazi iddiası irəli sürən şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edir. Rusiya həqiqətən də Azərbaycanla münasibətlərə önəm verirsə, Tolstoy və onun kimiləri ən yaxşı halda susdurmalıdır.

Amma etmir, əksinə Tolstoy, Milanov, Zatulin kimilərin dili ilə Azərbaycana qarşı təxribat xarakterli açıqlamaları getdikcə intensivləşir. Buna paralel olaraq, Rusiya mediasında da anti-Azərbaycan küləyinin əsdiyini müşahidə edirik. Müxtəlif iddialar üzərindən hücumlar edilir, ittihamlar irəli sürülür.

Və aydın görünür ki, Tolstoy, Milanov, Zatulin kimilər Kremlin göstərişi ilə danışır, Rusiya mediası sifarişlə gələn tezisləri tirajlayır. Rusiya Xarici İşlər Nazirliyinin son açıqlamaları da bunu təsdiq etdi:

Birincisi, Qarabağda erməni əhalisinin Azərbaycana reinteqrasiyasına qarşı çıxan bəyanat verdilər;
İkincisi, Rusiya sülhməramlılarının 2025-ci ildə - üçtərəfli bəyanatda qeyd olunan müddət başa çatanda Azərbaycan ərazisindən çıxması perspektivinə qarşı mövqe sərgilədilər;

Rusiya XİN-in açıqlamaları fonunda Tolstoy kimilərin və rus mediasının apardığı kampaniyanın səbəbləri bəllidir:

- Moskva Qarabağda erməni əhalisinin reinteqrasiya etməsini qəbul etmək istəmir;
- Qarabağda separatizmin davam etməsində maraqlıdır;
- Sülhməranmlıları 2025-ci ildə Azərbaycan ərazisindən çıxarmaq niyyətində deyil;

Qarabağda separatçıların son günlər çıxardıqları oyunun arxasında da Rusiyanı dayandığı, sülhməramlıların bu prosesi idarə etdiyi şübhəsizdir. Laçın postu qurulmayana qədər bölgəyə silah daşınmasını həyata keçirən sülhməramlılar indi də separatçıları “müqavimətə” sövq edir, erməni əhalisinin təminatı üçün beynəlxalq səviyyədə dəstəklənən Ağdam marşrutuna qarşı barrikadalar qurdurur.

Əslində Rusiyanın sərgilədiyi aqressiv yanaşmanın reallığı dəyişdirə bilməməsindən qaynaqlandığı da ortadadır.

Qarabağda mövcud reallıq hər keçən gün daha da güclənir. Azərbaycan haqlı olaraq öz suveren ərazisindəki prosesləri ölkə qanunvericiliyi ilə tənzimlənməsini istəyir və bu istiqamətdə praktiki addımlar atır. Laçın postunun qurulması, erməni əhalisinin reinteqrasiyası məqsədilə atılan addımlar, ərzaq təminatının Ağdam marşrutu üzrə daşınmasını aktuallaşdırmaq və digər addımlar bakının hədəflərinə doğru addım-addım yaxınlaşdığından xəbər verir. Bu reallığı heç kim dəyişdə bilməz:

- Respublikanın digər ərazilərində olduğu kimi Qarabağ iqtisadi rayonunda hər şey rəsmi Bakının nəzarətindədir;
- Bu ərazilərdə mərkəzi hakimiyyətin bərpa olunmasını, erməni vətəndaşlarımızın hüququ və təhlükəsizliyinin təmin edilməsini həm beynəlxalq hüquq, həm ölkə qanunvericiliyi tələb edir;

Rusiyanı qıcıqlandıran və aqressiv mövqe sərgiləməsinə səbəb olan amil də məhz bu reallıqdır. Hərçənd, Moskvada da anlamalıdır ki, bu cür siyasətlə Azərbaycana təzyiq etmək, yolundan döndərmək mümkün deyil. Bu, yalnız Azərbaycan-Rusiya münasibətlərinə zərər vura bilər və belə bir vəziyyət mövcud geosiyasi mənzərədə ən çox Moskvanın ziyanınadır. Bunu Kreml də anlamalı, sifariş yerinə yetirən Tolstoy kimilər də. Tolstoyun adaşı Lev Tolstoyun bugünkü Rusiya üçün örnək ola biləcək bir sözü var: “Sadəlik, yaxşılıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur”. Özünü “böyük ölkə” adlandıran Rusiya həqiqətən belə olmaq istəyirsə, hər şeydən öncə dürüst olmalıdır.

Asif Nərimanlı

0