Ağdam-Xankəndi yolu açılır: Araik geri addım atmağa məcbur oldu - RƏY

SİYASƏT
12:07 / 24.08.2023
590

Azərbaycanın Xankəndi şəhərindəki separatçıların başçısı Araik Arutyunyan Ağdam-Xankəndi yolunun açıldığını bəyan edib.

O, qərarını qondarma rejimin "təhlükəsizlik şurası"nın iclasında açıqlayıb. İclasda özünü qondarma qurumun keçmiş “təhlükəsizlik şurasının katibi” adlandıran Samvel Babayan da iştirak edib.

Araik bildirib ki, bu yolla ticarət qismən olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar oradan gələcək, ərzaq məhsulları isə Rusiya sülhməramlıları vasitəsilə Laçın dəhlizilə gətiriləcək. 

Maraqlıdır, separatçıların geri addım atmağa məcbur qalmalarına və reallığı dərk etmələrinə təsir edən əsas amillər nələr oldu?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, separatçılar bu addımı atmağa məcbur olublar:

332460

"Çünki onlar açıq şəkildə dərk etdilər ki, artıq Azərbaycan geri addım atmayacaq və Laçındakı nəzarət-keçid məntəqəsini ləğv etməyəcək. Məlumdur ki, Azərbaycan lazım bildiyi şəxsləri və məhsulları postdan buraxacaq. Ona görə də separatçılar Azərbaycanın dediyi qaydalarla razılaşmağa məcbur oldular. Düşünürəm ki, bu, əslində yaxşı addımdır".

Lakin politoloq vurğulayıb ki, təkcə Ağdam-Xankəndi yolunun açılması bəs etməyəcək:

"Həmçinin, reinteqrasiya prosesləri də sürətlənməlidir. Çünki Rusiya sülhməramlılarının Qarabağdakı müəyyən ərazilərə müvəqqəti nəzarət etməsinin vaxtının bitməsinə çox az qalıb. Amma nə qeyri-qanuni erməni silahlı birləşmələri Qarabağı tərk etmir, nə də azərbaycanlı məcburi köçkünlərin hamısı qayıtmayıb. Ona görə də bunlar maksimum sürətləndirilməlidir ki, reinteqrasiya prosesi baş versin. Daha sonra isə Azərbaycanın Silahlı Qüvvələri həmin əraziləri də nəzarətə götürməlidir. Həmçinin, cinayətkar hərbi qruplaşmalar və erməni silahlı birləşmələri də bölgəni tərk etməlidirlər. 

Hesab edirəm ki, Araik Arutyunyan bu dediyinə əməl edəcəksə, müsbət bir addımdır. Ancaq bu da yetməz. Yəqin ki, erməni separatçıları başa düşürlər ki, Azərbaycan onların "şou"ları və beynəlxalq təşkilatların təzyiqləri qarşısında geri addım atmayacaq. Ona görə də məcbur olub bütün şərtlərimizlə razılaşacaqlar".

Pərviz

0