Liderlərin Bişkek görüşünün ƏHƏMİYYƏTİ

SİYASƏT
14:27 / 01.09.2026
287

“Dünyanın bütün nəzərləri Bişkekə yönəlib. Çünki Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitinin özü qədər sammit çərçivəsində iştirakçı dövlətlərin liderləri arasında keçirilən ikitərəfli görüşlər də mühüm müzakirə mövzusudur”. 

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, diqqətlərin yönəldiyi görüşlərdən biri Azərbaycan-Ermənistan liderlərinin görüşüdür:


“Bu baxımdan cənab Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla Bişkekdəki görüşünü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması mərhələsində mühüm hadisə hesab edirəm.

8 avqust 2025-ci il tarixində Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasından sonra regionda bir sıra əhəmiyyətli irəliləyişlər əldə edilib. Artıq Azərbaycan-Ermənistan münasibətlərində qarşıdurmadan əməkdaşlığa keçid üçün imkanlar mövcuddur. Cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi, biz sülh şəraitində necə yaşamağı öyrənir, yeni münasibətlər sisteminin formalaşmasına şahidlik edirik”.

Ekspert qeyd edib ki, mövcud reallıqlar Azərbaycanla Ermənistan arasında praktiki əməkdaşlığın qurulduğundan xəbər verir və tərəflər üçün yeni imkanlar yaradır:
“Azərbaycan ərazisindən Ermənistana 20 min tondan çox neft məhsulu ixrac edilib. Bu, Ermənistan iqtisadiyyatının ayağa qalxması baxımından mühüm addımdır. Təbii ki, sözügedən amil siyasi müstəvidə əldə edilən nəticələrə də müsbət təsir göstərir.

Görüşü sülh gündəliyinin inkişaf etdirilməsi baxımından müsbət dəyərləndirirəm. Kommunikasiyaların açılması, TRIPP layihəsinin həyata keçirilməsi və regional təhlükəsizliyin təmin olunması əsas müzakirə mövzularından olub. Bunlar sülh müqaviləsinə doğru gedilən yolda mühüm məsələlərdir”.

Politoloq diqqətə çatdırıb ki, yekun sülh sazişinin imzalanması qarşıda duran əsas hədəflərdən biridir:
“Bunun üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Məhz bundan sonra hüquqi baxımdan sülh müqaviləsinin imzalanması qarşısında dayanan maneə aradan qaldırılacaq. Dövlət başçılarının görüşündə bu əsas məsələlərin müzakirə edildiyini düşünürəm. Hər bir təmas gələcək addımlara müsbət təsir göstərir. 

Artıq yeni reallıqlar yaranıb. Bu reallıqların möhkəmləndirilməsi vacibdir. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi yalnız Azərbaycan-Ermənistan münasibətləri baxımından deyil, bütövlükdə region üçün də mühüm əhəmiyyət kəsb edir. Regional aktorların hər biri əməkdaşlığa fokuslanmalı və gərginlikdən çəkinməlidir.

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi Cənubi Qafqazda tamamilə yeni səhifənin açılmasına gətirib çıxaracaq. Bu baxımdan, Bişkekdə keçirilən görüşü ümumi prosesə təkan verən mühüm addım kimi dəyərləndirilir”.

Elmir Mustafa

0