Son zamanlar yeniyetmələr arasında evliliyə həvəs, ailə həyatı qurma istəyinin artdığı müşahidə edilir.
Maraqlıdır, buna səbəb nədir? Ailə üzvlərinin reaksiyasının bu təsiri ola bilərmi?
Bu barədə Hit.az-a açıqlama verən psixoloq Sevinc Əliyeva deyib ki, evlilik yaşının aşağı düşməsi gələcəkdə ailələrin dağılmasının sayını artırır:
“Bəzi bölgələrdə 18 yaşı olmuş qız “ev qalmış” sayılır. Elə hər şey bu düşüncəli insanların ətrafında böyüməkdən başlayır. Ailə üzvləri qızlarına “filankəs sənə evdə qalmış deyir, filankəsin oğlu çox ağıllıdı sənə elçi gəlir”- deyə ifadələr səsləndirdikdən sonra həmin yeniyetmədə evlilik həvəsi yaranır. Evləndikdən sonra isə peşmanlıq hissi yaranmağa başlayır. Nəticədə ailələr dağılır.
Bunun başqa bir səbəbi qızlara balaca vaxtından cehiz alınmasıdır. Evdə demək olar ki, çoxumuz “ərə gedəndə bunu sənə verəcəm” sözünü eşitmişik. Bu bir çox qız uşağında erkən böyüməyə, özünü böyük qadın hesab etməyə gətirib, çıxarır. Ailənin nə olduğunu dərk etmədən, evliliyin gözəl şey olduğunu düşünərək , ailə məsləhəti ilə tanımadığı insanla evlənir. Bir müddət sonra hər iki tərəfin real xasiyyəti ortaya çıxanda isə dağılmış ailə tablosu yaranır.
Valideynlərə səslənirəm ki, qızlarınıza təhsil verin. Onlara cehiz almağa tələsməyin”.
Murad