Bağışlamaq münasibətlər arasında bəzən vacib, bəzən isə mürəkkəb situasiya kimi ortaya çıxır.
Kimi üçün sadəcə üzr istəmək məsələni həll edirsə, başqası üçün təkcə üzrxahlıq etmək kifayət etmir, göz qamaşdırıcı jestlər də önəm daşıyır. İstər dostluq, istərsə də cütlüklər arasında baş verən xırda münaqişələrdə belə qarşı tərəf qəlbən incinsə də bağışlayaraq mənəvi olaraq rahatlıq tapır. Bu hal münasibətləri ya daimi olaraq korlayır, ya da problemin ortaya çıxmasına əngəl olur.
Bəs bağışlamaq münasibəti gücləndirir, yoxsa problemləri ört-basdır edir?
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Hit.az-a açıqlamasında bidirib ki, daxilən bağışlamaq insanı ruhən rahat edir:
“Əgər insan sadəcə münasibəti qorumaq üçün bağışlayırsa deməli, daxilən bir inciklik qalır. Bu zaman da hisslərini bastırır. Bir müddət sonra isə münaqişə zamanı həmin incikliyi birinci yadına salır. Yenidən həmin zamana qayıdır “Sən mənə belə demişdin”, “Günah məndədir”, “Gərək həmin vaxt səni bağışlamazdım" kimi sözlər deyir.
Yəni, həqiqi bağışlama insanı sakitləşdirir. Amma məcburi və saxta bağışlamalar birbaşa həmin anın hisslərini bastıra bilsə də, duyğularda balaca bir qığılcımı lazım olur ki, xanımdırsa, göz yaşlarına qərq olsun, bəydirsə, keçmiş şübhələri gözünün qarşısına gəlsin”.
Mütəxəssis qeyd edib ki, fərqli məqamlarda bağışlama da əhəmiyyətli rol oynayır:
“Qadının bağışlaması ilə kişinin bağışlaması arasında fərqli məqamlar olduğuna görə, həmin situasiyalara uyğun olaraq bəzən münasibətləri gücləndirir, bəzən də sadəcə ört-basdır edir.
Kişilər tərəfindən əsasən bağışlamalar şübhə və qısqanclıq ilə bağlı olur. Xanımlarda isə ən xırda nüansa görə belə anlaşılmazlıq yarana bilər. Məsələn, bayramda təbrik edilməyən qadın “Səni bağışlamıram” deyib, sonra “Gələn dəfə əvəzini çıxar” kimi sözlərlə özünü sakitləşdirə bilər”.
Həmsöhbətimiz daxilən bağışlamağın daha vacib olduğunu söyləyib:
“Çox yaxşı olar ki, insanlar bağışlayarkən bir-birlərini anlasınlar. Hansı səbəbdən bağışladıqlarının mahiyyətini dərk etsinlər. Çünki insan dərk etdiyi hər şeyin öhdəsindən gəlir və incidilmir. Nəticədə daha rahat həyat yaşaya bilirlər”.
Arzu İbrəhimova



