Okeanın dibində nadir "Ford" avtomobili tapıldı: 80 il əvvəl ora necə düşüb?

DÜNYA
18:52 / 04.07.2026
60

Alimlər batmış ABŞ hərbi gəmisi "USS Yorktown"u araşdırarkən gözlənilməz kəşf ediblər. Onlar 5 kilometrdən artıq dərinlikdə İkinci Dünya müharibəsi dövründən bəri gəmidə qalan 1941-ci il istehsalı olan "Ford Super Deluxe Woody" avtomobilini aşkar ediblər. 

HİT.az xəbər verir ki, bu barədə "NOAA Ocean Exploration" məlumat yayıb.

Ekspedisiya 2025-ci ilin aprel ayında "USS Yorktown"un qalıqlarını uzaqdan idarə olunan "Deep Discoverer" sualtı aparatı vasitəsilə tədqiq edib.

Əvvəlcə aparatın kameraları qaranlıqda yalnız iki parlaq xrom detalı qeydə alıb. Aparat yaxınlaşdıqda isə tədqiqatçılar bunun qədim avtomobil olduğunu müəyyən ediblər.

Sonrakı təhlillər nəticəsində avtomobilin 1941-ci il istehsalı olan "Ford Super Deluxe Woody" modeli olduğu təsdiqlənib.

"USS Yorktown" İkinci Dünya müharibəsinin ən məşhur Amerika aviadaşıyıcılarından biri olub. Gəmi Mərcan dənizi döyüşündə və Miduey döyüşündə iştirak edib, 7 iyun 1942-ci ildə isə Yaponiya sualtı qayığının hücumundan sonra batıb.

Tədqiqatçıların ehtimalına görə, avtomobil "Pearl Harbor" hərbi-dəniz tərsanəsinə məxsus olub. Güman edilir ki, aviadaşıyıcının döyüşlərdən sonra təcili təmiri zamanı maşın gəmiyə yüklənib və sonradan gəmidə qalıb.

Avtomobilin ön hissəsində "SHIP SERVICE" yazısı görünür. Aşağı sətir zədələnsə də, mütəxəssislər burada "CV-5 NAVY" və ya "US NAVY" sözlərinin yazılmış ola biləcəyini düşünürlər. "CV-5" "USS Yorktown"un rəsmi bort nömrəsi idi.

Ekspedisiya zamanı tədqiqatçılar aviadaşıyıcının lift şaxtalarından birində yerləşən və gəminin xidmət tarixini əks etdirən iri divar freskasını ilk dəfə tam şəkildə sənədləşdiriblər.

Bundan əlavə, anqar göyərtəsində bir neçə "Douglas SBD Dauntless" dalış bombardmançısı da aşkar edilib. Təyyarələrdən biri təkərləri yuxarı vəziyyətdə qalıb və üzərində hələ də istifadə olunmamış aviasiya bombası asılı vəziyyətdədir.

"NOAA"nın baş dəniz arxeoloqu Fil Hartmayer bildirib ki, "Ford" avtomobilinin tapılması İkinci Dünya müharibəsi dövründə mülki avtomobillərin hərbi gəmilərdə necə istifadə edildiyini daha yaxşı anlamağa kömək edə biləcək gözlənilməz tarixi tapıntıdır.

Onun sözlərinə görə, bu, sadəcə nadir avtomobil deyil, 80 ildən çox müddət ərzində okeanın dibində toxunulmaz qalmış əsl "zaman kapsulu"dur.

Samir

0