Zürafələrin gizli bacarığı: Onlar sayları necə izləyirlər?

MARAQLI
23:53 / 03.07.2026
54

Zürafələr yalnız akasiya ağacları ilə qidalanan sakit heyvanlar deyil. Yeni elmi araşdırma göstərib ki, bu canlılar zehinlərində sadə toplama əməliyyatları həyata keçirə bilirlər. Savannadakı həyat şəraiti onların qida mənbələrini qiymətləndirmək üçün saylarla bağlı idrak bacarıqları inkişaf etdirməsinə səbəb olub.

HİT.az xəbər verir ki, Barselona Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqat zürafələrin düşündüyümüzdən daha inkişaf etmiş idrak qabiliyyətinə malik olduğunu ortaya qoyub.

"Scientific Reports" jurnalında dərc edilən araşdırmaya görə, uzun müddət yalnız akasiya ağaclarının yarpaqları ilə qidalanan heyvanlar kimi tanınan zürafələr əslində zehinlərində sadə toplama əməliyyatları apara bilirlər. Alimlər bildirirlər ki, bu bacarıq onların təbii mühitdə sağ qalması üçün mühüm əhəmiyyət daşıyır. Savannada qida ehtiyatlarının daim dəyişməsi zürafələrin harada daha çox yem olduğunu müəyyənləşdirmək üçün say məlumatlarından istifadə etməsinə imkan yaradır.

Cütdırnaqlı məməlilər sırasına aid olan zürafələr daim parçalanıb yenidən birləşən sosial qruplar şəklində yaşayırlar. Bu həyat tərzi onların qida ehtiyatlarının miqdarını qiymətləndirməsini tələb edən təkamül prosesini formalaşdırıb.

Bu nəzəriyyəni yoxlamaq məqsədilə alimlər "Barselona Zooparkı"nda yaşayan dörd zürafə üzərində xüsusi təcrübə aparıblar. Təcrübə zamanı içərisində müxtəlif sayda kök olan qutulardan istifadə edilib. Qutular bağlandıqdan sonra zürafələrdən ümumi kök sayını təxmin edərək düzgün qutunu seçmələri istənilib. Heyvanların əksəriyyəti gözdən itən qida miqdarını zehinlərində toplayaraq doğru seçimi etməyi bacarıb.

Bununla belə, bu say bacarığı bütün riyazi əməliyyatlarda eyni səviyyədə özünü göstərməyib. Zürafələr toplama tapşırıqlarında uğur qazansalar da, çıxma əməliyyatlarını tələb edən sınaqlarda eyni nəticəni nümayiş etdirə bilməyiblər.

Tədqiqatçılar bildirirlər ki, bu vəziyyət insan beyninin işləmə prinsipi ilə də oxşarlıq təşkil edir. Belə ki, çıxma əməliyyatları toplama ilə müqayisədə beynin daha mürəkkəb idrak proseslərini aktivləşdirir.

Alimlərin sözlərinə görə, insanlarda olduğu kimi heyvanlarda da saylarla bağlı problemlərin həlli qabiliyyəti fərdlər arasında fərqlənə bilər. Şimpanzelərdən tutmuş arılara qədər bir çox növdə müşahidə olunan bu bacarıqlar mürəkkəb zehni proseslərin yalnız inkişaf etmiş primatlara məxsus olmadığını göstərir.

Samir
 

0