“Əksər hallarda eyni ata-ananın bir evdə böyüyən uşaqlarının xarakteri fərqli olur”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunun bir neçə səbəbi var:
“Əslində, ailədə hər uşaq eyni təcrübə demək deyil. Nəzərə almaq lazımdır ki, hər uşaq fərqli mühitə düşür. Valideynlər eyni olsa da, hər uşağa görə zaman və psixoloji vəziyyət fərqlənir.
Məsələn, ilk övladın vaxtında olan maddi vəziyyət, valideynlərin yaş təcrübələri, yanaşma üsulları ikinci uşaqda fərqli olur. Çünki hər övlad başqa şəkildə yetişir. Bu da istər-istəməz övladlar arasında xarakter fərqləri yaradır. Yəni hər iki uşağın ailəsi eyni olsa da, böyüdükləri mühit bənzər olmur”.
Ekspert qeyd edib ki, digər mühüm amil isə uşağın temperamentidir:
“Temperament anadangəlmə bir xüsusiyyətdir. Yəni bəzi uşaqlar sakit, bəziləri emosional, bəziləri isə risk almağa meylli olurlar. Hətta valideyn iki uşağa eyni yanaşmanı göstərsə də, hər biri fərqli qəbul edir.
Bundan başqa, hər uşağın həyat təcrübəsi, dost çevrəsi, uğurları, uğursuzluqları, məktəb mühiti və müəllimləri fərqlidir. Bütün bunlar isə onun şəxsiyyət kimi formalaşmasına müəyyən mənada təsir edir”.
Psixoloq daha bir nümunə verib:
“Məsələn, bacı və qardaş eyni hadisəni yaşayır, amma onların hər biri yaşadıqları situasiyaya fərqli şəkildə reaksiya verir, ayrı hisslər keçirirlər. Yəni valideynlər və yaşadıqları ev eyni olsa da, hər uşaq böyüdüyü mühitdə fərqli yetişir.
Məhz buna görə də eyni ailədə böyüyən uşaqların xarakterləri bir-birindən fərqli olur. Üstəlik, bunun fərqli olması da tamamilə normaldır. Çünki hər uşaq özünəxas fərqli psixologiyaya sahibdir”.
Pərviz



