Boşanma insanların həyatında təkcə hüquqi deyil, həm də emosional baxımdan yeni bir mərhələnin başlanğıcı hesab olunur.
Ayrılıqdan sonra hər kəs bu dəyişikliklə fərqli şəkildə mübarizə aparır, yeni həyata uyğunlaşmaq üçün müxtəlif çətinliklərlə üzləşir. Məhz buna görə də cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri boşanmanın hansı tərəfə qadına, yoxsa kişiyə daha ağır təsir göstərməsi məsələsidir.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, ailənin dağılması hər iki tərəfdə dərin emosional iz buraxsa da, bu prosesin təsirləri qadın və kişilərdə eyni şəkildə müşahidə olunmur:

“Qadınlar ayrılığın yaratdığı psixoloji yükü əsasən ilk aylarda daha ağır hiss edirlər. Lakin zaman keçdikcə vəziyyəti qəbul edir, yaşadıqları ilə barışır və qısa müddət ərzində sosial və şəxsi həyatlarını yenidən nizama sala bilirlər.
Kişilərdə isə emosional çətinliklər çox vaxt sonradan üzə çıxır. Ayrılıqdan bir neçə ay keçdikdən sonra tənha qalmaq, gündəlik həyatın dəyişməsi və ailə mühitinin olmaması onlarda ruh düşkünlüyü və əsəbilik yarada bilər. Bu səbəbdən onların yeni həyata uyğunlaşması və əvvəlki psixoloji tarazlığı bərpa etməsi daha uzun vaxt tələb edir”.
Ekspert hesab edir ki, kişilərin bu mərhələni daha rahat keçməsində onlara mənəvi dayaq olacaq yeni bir həyat yoldaşının və ya yaxın münasibətin yaranması mühüm rol oynaya bilər.
Günel Cəlilova


