Dünən gecə Dünya Çempionatında daha bir maraqlı oyun izlədik.
Hit.az xəbər verir ki, 1/16 final mərhələsində Portuqaliya və Xorvatiya üz-üzə gəldi.
Portuqaliya 1/8 finalda
Olduqca gərgin keçən matçı Portuqaliya 90+4-cü dəqiqədə Ramoşun vurduğu qolla 2-1 qazandı. Düzdür, Xorvatiya 90+13-cü dəqiqədə bərabərlik qolunu vursa da, oyundan kənar vəziyyət səbəbilə qeydə alınmadı. Bu da matçın sonunu kifayət qədər həyəcanlı etdi.
Bu nəticə ilə Xorvatiya turnirlə vaxtından əvvəl vidalaşmalı oldu, Portuqaliya isə adını növbəti mərhələyə yazdırdı. Lakin matçın əsas hekayəsi təkcə hesab yox, yaşıl meydanda yazılan növbəti bir tarix idi.
41 yaşlı rekordçu
Matçın start heyətləri açıqlananda bütün gözlər Kriştiano Ronaldoya zillənmişdi. Super ulduz bu matçla da tarixə düşməyi bacardı. O, 41 yaş 147 günlük ikən Dünya Çempionatının pley-off mərhələsində oynayan ən yaşlı futbolçu olaraq adını tarixə qızıl hərflərlə yazdırdı.
Üstəlik, komandasının bərabərlik qolunu vuran və sona qədər mübarizə aparan Ronaldo qarşılaşmanın bitməsindən sonra matçın ən yaxşı oyunçusu seçildi. Yəni portuqaliyalı ulduz üçün yaşın sadəcə rəqəmdən ibarət olduğunu bir daha gördük.
Xorvatiyanın çox çalışdı, amma olmadı...
Xorvatiya millisi hər zamanki kimi xarakter göstərdi, sona qədər döyüşdü və hesabı bərabərləşdirmək, oyunu xilas etmək üçün hər şeyi etdi. Hətta oyunun son saniyəsinə qədər mübarizə aparmaları təqdirəlayiqdir. Lakin Portuqaliyanın taktiki nizam-intizamı və Ronaldonun liderliyi xorvatların turnir arzularını 1/16 finalda nöqtələdi.
Eyni zamanda, Portuqaliyanın gənc oyunçuları da özlərini göstərməyi bacardı. Bəlkə də bu məğlubiyyət Xorvatiya üçün böyük bir nəsil dəyişikliyinin siqnalı olacaq. Çünki dünən meydanda olan bir çox oyunçunun yaşları səbəbilə növbəti turnirlərdə olmayacağı dəqiqdir...
Erkən final
Xorvatiya səddini keçən Portuqaliyanı qarşıda daha böyük və ciddi sınaq gözləyir. Növbəti mərhələdə rəqib İspaniyadır. Bu, sadəcə bir oyun deyil, futbolsevərlər üçün əsl “erkən final” deməkdir. Bəlkə də turnirdən əvvəl bu komandaların finalda və yarımfinalda qarşılaşacağı gözlənilərdi. Lakin onlar 1/8 final mərhələsində rəqib oldular.
İspaniyanın gənc və sürətli heyəti ilə Ronaldonun təcrübəli və dinamik Portuqaliyası qarşı-qarşıya gələcək. Dünən gecəki Ronaldonu gördükdən sonra ispanların da ciddi şəkildə narahat olmağa əsası var.
Bu, bir növ nəsillərin də mübarizəsi kimi də xarakterizə olunur. Çünki maçtda bütün diqqətlər Kriştiano Ronaldo və Lamin Yamalın üzərində olacaq. Böyük ehtimalla, hansı daha yaxşı oynasa, onun da komandası növbəti mərhələyə yüksələcək. Qısası, bizi qarşıda çox daha maraqlı matç gözləyir!
Elmir Mustafa


