Yay gəldi, amma gözlənilən ucuzluq gəlmədi. Əksinə, bu il bazarlarda mövsüm meyvələrinin qiyməti alıcıları sözün əsl mənasında təəccübləndirir. Rəfləri bəzəyən gilasın kiloqramı 18, alçanın 12, moruğun isə 18 manata qədər yüksəlib. Ənənəvi qış hazırlıqlarına, xüsusən də mürəbbə qaynatmağa başlayan ailələr bu il xərclərini yenidən hesablamaq məcburiyyətində qalıblar. Halbuki, hər kəs yerli məhsulun bazara kütləvi daxil olması ilə qiymətlərin enəcəyinə ümid edirdi. Bəs, görəsən, bolluq mövsümündə bu bahalaşmanın kökündə nə dayanır?
"Böyük alça bağları da gözlənilən nəticəni vermədi”
Aqrar-ekspert Eldar Hüseynovun sözlərinə görə, mövsümi meyvələrin qiymət artımının əsas səbəblərindən biri hava şəraitinin yağıntılı keçməsidir: "Builki qədər aramsız yağıntı uzun müddətdir müşahidə olunmurdu. Kəskin yağıntılar bitkilərdə xəstəlikləri artırdı. Hər gün yağan yağış, leysan və dolu səbəbindən əkinçilər və fermerlər xəstəliklərlə mübarizə apara bilmədilər. Nəticədə, əvvəlki illərlə müqayisədə bu il məhsuldarlıq təxminən 80 faiz azaldı. Azərbaycanı alça ilə əsasən Göyçay, Ucar və Zərdab rayonları təmin edirdi. İndi Yevlaxda da böyük bir plantasiya salınıb. Mövsümün sonunda isə bazara Quba alçası daxil olurdu. Lakin bu il Göyçayda yaxşı alça olmadı. Saatlıda yerləşən böyük alça bağları da gözlənilən nəticəni vermədi. Bu səbəblərdən alça kəskin şəkildə bahalaşdı. Artıq alça mövsümü demək olar ki, bitib. Amma ucuzlaşma yalnız çox dəymiş, növü bilinməyən, ağarmış və ya emala gedən alçalarda müşahidə edilir. Keyfiyyətli alçanın ucuzlaşması gözlənilmir”.
E.Hüseynov bildirdi ki, bu il tozlanma dövründə yağıntının çox olması səbəbindən gilas ağacları məhsul tuta bilmədi. Eyni zamanda, Azərbaycandan Rusiya bazarına kütləvi şəkildə gilas ixrac edildiyi üçün daxili bazara əsasən ikinci və üçüncü növ gilaslar qalırdı. Birinci növ gilas isə daxili bazara çıxarılanda həddindən artıq baha olurdu: "Lakin son günlərdə Moldovadan Moskvaya və Rusiyanın digər şəhərlərinə kütləvi şəkildə gilasın daxil olması orada qiymətləri kəskin şəkildə aşağı salıb. Bu səbəbdən daxili bazarda da gilasın qiymətində qismən ucuzlaşma müşahidə olunur. Yaxın vaxtlarda Xerson gilası da bazara daxil olacaq. Xerson gilası gəldikdən sonra qiymətlər tədricən düşəcək. Hazırda isə ölkədə gilas ümidi yalnız Şəmkir, Tovuz, Qazax və Ağstafa zonasına qalıb. Ağ gilasın isə bir-iki həftəyə kəskin bahalaşması ehtimal olunur. Çünki bu il Quba və Qusarda ağ gilas demək olar ki, yoxdur. Aramsız yağışlar şimal bölgəsinin kənd təsərrüfatına dəhşətli dərəcədə ziyan vurub. Hazırda bazarda "Quba gilası" adı altında satılan ağ gilasların əksəriyyəti məhz qərb bölgəsindən gətirilir”.
"Gilas, çiyələk, şaftalı və nektarinin qiymətində ucuzlaşma gözlənilir”
Ekspertin fikrincə, çiyələk ilk çıxanda Rusiyaya böyük həcmdə ixrac edilirdi. Bu, əsasən istixanalarda yetişdirilən çiyələklər idi. Daha sonra açıq sahə çiyələyinin bazara daxil olması, eyni zamanda Rusiyanın öz yerli məhsulunun bazara çıxması orada qiymətləri saldı və bu, avtomatik olaraq bizdə də çiyələyin ucuzlaşmasına səbəb oldu: "Əriyə gəldikdə, bu il Ermənistanda və Türkiyədə məhsul bol olsa da, Azərbaycan və İranda dəhşətli səviyyədə qıtlıqdır. Tərtər və Goranboy rayonlarında ərik məhsuldarlığı ötən illə müqayisədə 60 faiz azdır. Yığılan məhsulun yalnız keyfiyyətli olanları soyuducu anbarlara yığılır, zəifləri isə daxili satışa çıxarılır. Bununla belə, Naxçıvan əriyinin bazara daxil olması daxili tələbatı müəyyən qədər tənzimləyir”.
E.Hüseynovun sözlərinə görə, ölkəmizin meyvə-tərəvəz sektorunun ən böyük alıcısı Rusiyadır. Orada qiymətlər yüksək olanda, daxili bazarda da avtomatik olaraq yüksəlir: "Son günlərdə Moskva bazarlarında baş verən xoşagəlməz hadisələrdən sonra məhsullara tələbat və alıcılıq qabiliyyəti azalıb. Tacirlər mal göndərməyə qorxurlar. Bütün bunlar daxili bazarda bəzi məhsulların kəskin ucuzlaşmasına gətirib çıxarır. Növbəti həftələrdə gilas, çiyələk, şaftalı (o cümlədən yastı şaftalı) və nektarinin qiymətində ucuzlaşma olacaq. Albalının da qiyməti kəskin ucuzlaşacaq. Çünki hazırda İrandan Azərbaycana 12 yük maşını albalı gəlir. Məsələn, hazırda daxili bazarda birinci növ yerli albalının pərakəndə satış qiyməti 12-13 manatdırsa, İrandan gələn məhsulun maya dəyəri 4 manatdır. Paylanma qiyməti 5 manat olan məhsul bazarda 7-8 manata satılacaq”.
"Məhsuldarlıq aşağı düşdükdə qiymət yüksəlir”
İqtisadçı Xalid Kərimli isə düşünür ki, intensiv yağışlar əkinçilik sahəsinə müsbət təsir göstərsə də, eyni sözləri bağçılığa aid etmək mümkün deyil. Yağıntıların ağacların çiçəkləmə və tozlanma kimi erkən inkişaf mərhələlərinə təsadüf etməsi ciddi fəsadlar yaradır: "Hava şəraitinin bu cür keçməsi fermerlərin aqrotexniki qulluq, xüsusən də dərmanlama xərclərini kəskin artırır. Çünki ağaclara çilənən preparatların yağış suları ilə yuyulması yenidən dərmanlama zərurəti yaradır”.
X.Kərimli bildirdi ki, yağıntıların digər mənfi təsiri isə məhsulun əmtəə görünüşü ilə bağlıdır. İntensiv yağışlar gilas və alça kimi erkən yetişən meyvələrdə çatlamaya və keyfiyyət itkisinə səbəb olaraq fermerin ziyanını daha da artırır: "Bütün bunlara rəğmən, qeyd olunan proseslərin ölkədə kəskin meyvə-tərəvəz qıtlığına səbəb olacağını demək doğru deyil. Ölkə ərazisinin fərqli iqlim qurşaqlarında yerləşməsi səbəbindən yağıntıların düşmə dövrü və intensivliyi regionlar üzrə dəyişir. Buna görə də qlobal qıtlıqdan deyil, sadəcə müəyyən meyvə növlərində məhsuldarlığın aşağı düşməsi fonunda bazarda təklifin azalmasından danışmaq olar. Xüsusilə erkən yetişən alça, gilas, ərik, bəzi şaftalı növləri, eləcə də alma və armud kimi məhsullarda təklif azlığı müşahidə edilə bilər ki, bu da qiymətlərin bazarda nisbətən baha formalaşması ilə nəticələnib”.
Mənbə: "Kaspi" qəzeti

