Həm də cehizlik mallar, həm də qiymətləri artır...

KÖŞƏ YAZILARI
15:10 / 03.07.2026
150

Azərbaycan cəmiyyətində illərdir formalaşmış ənənələrə görə ailə qurmağa hazırlaşan tərəflərin üzərinə müəyyən öhdəliklər düşür. 

Bu ənənəyə əsasən, oğlan tərəfinin yaşayış yeri təmin etməsi, qız tərəfinin isə cehiz hazırlaması ailə quruculuğunun vacib hissələrindən biri hesab edilir. Nəsildən-nəslə ötürülən bu adət uzun illər öz aktuallığını qoruyub saxlayıb və bu gün də bir çox ailələr tərəfindən davam etdirilir.

Keçmiş dövrlərdə cehiz anlayışı daha sadə məzmun daşıyırdı. Gəlin üçün hazırlanan cehiz əsasən əl ilə toxunan süfrələr, naxışlı dəsmallar, yataq dəstləri və məişətdə istifadə olunan bir neçə vacib əşyadan ibarət olurdu. Bütün bunlar adətən bir boğçaya və ya kiçik taxta sandığa yerləşdirilir, həm maddi, həm də mənəvi dəyər kimi qorunurdu.

Müasir dövrdə isə cehizin tərkibi və həcmi xeyli dəyişib. Artıq gəlin cehizi yalnız ənənəvi tekstil məhsulları ilə məhdudlaşmır. Mebel, məişət texnikası, mətbəx avadanlıqları, elektron cihazlar, dekorativ əşyalar və digər çoxsaylı ləvazimatlar cehizin ayrılmaz hissəsinə çevrilib. 

Nəticədə, bir vaxtlar kiçik bir sandığa sığan cehiz bu gün bəzən bütöv bir yük maşını ilə daşınacaq qədər geniş həcm alır. Təbii ki, qızını gəlin köçürən hər ailənin maddi durumu buna uyğun olmur. Çünki cehiz üçün lazım olunan hər bir nəsnənin qiyməti günü-gündən qalxır. 

Əslində, son aylarda cehiz üçün alınan məişət əşyaları və ev avadanlıqlarının qiymətlərində müşahidə olunan artım bir neçə amillə bağlıdır. Xüsusilə idxaldan asılı olan məhsulların bahalaşması, logistika və daşınma xərclərinin yüksəlməsi, eləcə də istehsal və xammal qiymətlərindəki artım bazara birbaşa təsir göstərir. 

Mebel, məişət texnikası, mətbəx ləvazimatları və tekstil məhsullarının əksəriyyətinin xaricdən gətirilməsi qiymət dəyişikliklərini daha qabarıq edir. Hər bir halda, ailə qurmaq həm oğlan, həm də qız tərəfi üçün ciddi maliyyə yükü yaradır. Təəssüf ki, bütün ailələr bu yükün öhdəsindən uğurla gələ bilmir...

Günel Cəlilova

0