Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib ki, ölkədə fəaliyyət göstərən ərzaq bazarlarının əhəmiyyətli hissəsində sanitariya və qida təhlükəsizliyi ilə bağlı problemlər hələ də aktuallığını qoruyur.
O, agentlik tərəfindən 84 ərzaq bazarında geniş yoxlamalar həyata keçirildiyini və müxtəlif nöqsanların qeydə alındığını açıqlayıb. Sədr monitorinqdən keçən 59 bazarda qida təhlükəsizliyi standartlarının tətbiqi və mövcud çatışmazlıqların aradan qaldırılması prosesinin hələ yekunlaşmadığını söyləyib.
Maraqlıdır, bazarların sağlamlaşdırılması və standartlara uyğunlaşdırılması bu sahədə dəyişikliyə səbəb olacaqmı?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, görüləcək islahatlar zaman keçdikcə bazar iştirakçılarının hamısı üçün müsbət nəticələr verə bilər:

“Ticarət məkanlarında gigiyenik normaların təmin edilməsi və məhsulların uyğun şəraitdə saxlanılması alıcıların bazarlara münasibətini dəyişəcək. Əvvəllər natəmizlik səbəbindən bu məkanlardan uzaq duran istehlakçıların yenidən alış-veriş üçün bazarlara üz tutacaq. Şübhəsiz ki, yeni tələblərin tətbiqi ilkin mərhələdə bazar sahibləri və sahibkarlar üçün əlavə xərc yaradacaq.
Lakin uzun perspektivdə daha sağlam ticarət mühiti formalaşacaq və bunun iqtisadi üstünlükləri çəkilən xərcləri kompensasiya edəcək. Satışa təqdim edilən bütün ərzaq məhsulları təhlükəsizlik və keyfiyyət normalarına cavab verən şəraitdə qorunmalıdır. Bu tələblərin əsas məqsədi istehlakçıların sağlamlığını mümkün risklərdən müdafiə etməkdir”.
Ekspertin dediyinə görə, müəyyən olunmuş qaydalara əməl etməyən və nöqsanları aradan qaldırmaqdan yayınan obyektlər barədə qanunvericiliyin nəzərdə tutduğu məhdudlaşdırıcı tədbirlər görülə bilər:
“Bununla belə, sahibkarlara uyğunlaşmaq üçün keçid dövrünün verilməsi və onların qəfil ağır vəziyyətə salınmaması daha balanslı yanaşma hesab olunur”.
Günel Cəlilova


