DİM açıqladı: Həmin şəxs barəsində araşdırma aparılır

SOSİAL
17:00 / 03.07.2026
50

Digər imtahanlarda olduğu kimi, qabiliyyət imtahanlarına da giriş zamanı iştirakçıların identifikasiyası aparılır.

HİT.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Eltun Süleymanov APA-nın sualını cavablandırarkən deyib.

O bildirib ki, dünən keçirilən qabiliyyət imtahanına giriş zamanı bir nəfərin digər abituriyentin yerinə imtahana daxil olmağa cəhd etdiyi aşkarlanıb və bunun qarşısı alınıb.

“Hadisə ilə əlaqədar imtahanda iştirak etməli olan abituriyentin builki Dövlət İmtahan Mərkəzi üzrə bütün imtahan nəticələri ləğv edilib.

O, bu il ixtisas seçimində və ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak edə bilməyəcək. Başqasının yerinə imtahana girməyə cəhd edən şəxs barəsində isə müvafiq sənədlər hazırlanaraq hüquq-mühafizə orqanlarına təqdim edilib. Hazırda faktla bağlı araşdırma aparılır”, – sektor müdiri qeyd edib.

Eltun Süleymanov əlavə edib ki, qabiliyyət imtahanlarında belə hallara çox nadir hallarda rast gəlinir.

Onun sözlərinə görə, hadisədə iştirak edən iki şəxs tamamilə fərqli şəxslərdir və onların arasında hər hansı ailə əlaqəsi yoxdur.
 

0