Qəhvənin müntəzəm istehlakının sağlamlığa müsbət təsiri çoxsaylı elmi araşdırmalarla təsdiqlənib. Bu faydalar yalnız kofeinin oyadıcı təsiri ilə məhdudlaşmır. Bəs kofeinsiz qəhvə ilə adi qəhvə müqayisə olunduqda, kofein amili nəzərə alınmasa, onlardan hansı daha faydalıdır?
HİT.az xəbər verir ki, bu suala "Prevention" nəşri dietoloqların rəylərinə istinadən cavab verib.
Sertifikatlı diyetoloq Anar Allidinanın sözlərinə görə, əsas fərq ondan ibarətdir ki, kofeinsiz qəhvənin hazırlanması zamanı qəhvə dənələrindən kofein qovrulmadan əvvəl xüsusi texnologiya ilə çıxarılır.
Bu proses kofeini tamamilə yox etməsə də, onun böyük hissəsini aradan qaldırır. Sertifikatlı dietoloq Viki Keniqin sözlərinə görə, 240 millilitrlik bir fincan kofeinsiz qəhvədə istifadə olunan qəhvə növündən və kofeinsizləşdirmə üsulundan asılı olaraq təxminən 2–10 milliqram kofein olur. Eyni həcmdə adi dəmlənmiş qəhvədə isə orta hesabla 95–165 milliqram kofein mövcuddur.
Kofeinsiz və adi qəhvə arasında başqa hansı fərqlər var?
Mütəxəssislər bildirirlər ki, qəhvə antioksidantlarla, xüsusilə polifenollar, xlorogen turşusu və ferul turşusu ilə zəngindir. Kofeinin də müəyyən faydaları olsa da, qəhvənin sağlamlığa əsas müsbət təsiri məhz bu bitki mənşəli birləşmələrdən qaynaqlanır. Bu maddələr kofeinsizləşdirmə prosesi zamanı demək olar ki, dəyişmir.
Bu səbəbdən kofeinsiz qəhvə də adi qəhvə ilə eyni sağlamlıq üstünlüklərini təmin edir, sadəcə onun stimullaşdırıcı təsiri olmur.
Viki Keniq də bu fikirlə razılaşır.
“Çoxsaylı araşdırmalar göstərir ki, həm adi, həm də kofeinsiz qəhvə bütün səbəblərdən ölüm riskinin azalması ilə əlaqələndirilir. Bu isə onu göstərir ki, sağlamlığa müsbət təsiri təmin edən əsas komponentlər kofein deyil. Qəhvənin tərkibində kofeindən başqa 100-dən çox müxtəlif maddə mövcuddur”, deyə o bildirib.
"UCLA Health"in məlumatına görə, aparılan elmi icmallar həm adi, həm də kofeinsiz qəhvənin eyni faydalı birləşmələri ehtiva etdiyini və oxşar sağlamlıq üstünlükləri təqdim etdiyini təsdiqləyir.
Qəhvənin sağlamlığa faydaları
Araşdırmalara əsasən, qəhvənin müntəzəm istehlakı:
* 2-ci tip diabet riskini azalda bilər;
* xroniki böyrək xəstəliklərinin yaranma ehtimalını aşağı sala bilər;
* ömür uzunluğuna müsbət təsir göstərə bilər;
* qaraciyər xəstəlikləri riskini azalda bilər;
* infarkt və insult riskini aşağı sala bilər;
* bağırsaq mikrobiotasının sağlamlığını dəstəkləyə bilər;
* iltihabi prosesləri azaltmağa kömək edə bilər;
* koqnitiv funksiyaların zəifləməsini ləngidə bilər.
Mütəxəssislər qeyd edirlər ki, bu faydaların əksəriyyəti qəhvənin tərkibindəki antioksidantlar və digər bitki mənşəli maddələrlə bağlıdır. Buna görə də, istər adi, istərsə də kofeinsiz qəhvə seçən insanların bu üstünlüklərin böyük hissəsini əldə etməsi mümkündür.
Kofeinsiz qəhvənin mümkün çatışmazlıqları
Kofeinsiz qəhvədə az miqdarda da olsa kofein qalır. Bu miqdar adətən enerji artımı yaratmaq üçün kifayət etmir. Lakin kofeinə qarşı həssas insanlarda həmin az miqdar belə titrəmə kimi yan təsirlərə səbəb ola bilər.
Adi qəhvənin mümkün çatışmazlıqları
Adi qəhvənin tərkibindəki yüksək kofein bəzi insanlarda həyəcan, narahatlıq, ürəkdöyünmə, sinədə narahatlıq, mədə-bağırsaq problemləri, yuxusuzluq və əsəbilik yarada bilər. Viki Keniqin sözlərinə görə, bu hallar daha çox gündə altı fincandan artıq qəhvə içənlərdə və yaşlı insanlarda müşahidə olunur.
O bildirib ki, kofein asılılıq yarada bilər və onun qəbulunun qəfil azaldılması və ya dayandırılması müxtəlif çəkilmə əlamətləri ilə müşayiət oluna bilər.
ABŞ Milli Tibb Kitabxanasının məlumatına görə, hamilə və süd verən qadınlar, yuxu pozuntusu, miqren, narahatlıq pozuntusu, ürək ritmində problemlər və yüksək qan təzyiqi olan şəxslər, eləcə də kofeinin yan təsirlərini gücləndirən dərmanlar qəbul edən insanlar kofein istehlakını məhdudlaşdırmalı və ya ondan çəkinməlidirlər.
Mütəxəssislərin qənaətinə görə, qəhvənin sağlamlığa əsas faydaları antioksidantlar və bitki mənşəli birləşmələrlə bağlıdır. Bu maddələr həm adi, həm də kofeinsiz qəhvədə demək olar ki, eyni miqdarda mövcuddur.
Bu səbəbdən, gündə beş-altı fincandan artıq qəhvə istehlak edilmədiyi halda, nə adi qəhvə, nə də kofeinsiz qəhvə digərindən daha faydalı hesab edilmir.
Mütəxəssislər onu da vurğulayırlar ki, qəhvəyə çoxlu şəkər, şirinləşdirici və ya qaymaq əlavə edildikdə onun sağlamlıq üçün faydası azalır. Buna baxmayaraq, həm adi, həm də kofeinsiz qəhvə balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər.
Samir

