Tələbələr yayda kirayə qaldıqları evləri təhvil vermirlər – SƏBƏB

SOSİAL
14:14 / 03.07.2026
158

Universitetlərdə yay tətilinin başlaması kirayə mənzil bazarında əvvəlki illərdə müşahidə olunan mənzərəni bu dəfə tam əks etdirmir. 

Vaxtilə tədris prosesi başa çatan kimi tələbələrin əksəriyyəti kirayədə yaşadıqları evləri təhvil verərək doğulduqları şəhər və rayonlara üz tuturdular. Lakin son dövrlərdə bu ənənə tədricən dəyişməyə başlayıb. İndi bir çox tələbə yay aylarında həmin mənzillərdən istifadə etməsə belə, onları əldən verməmək üçün kirayə haqqını ödəməyə davam edir. 

Bu seçimə səbəb kimi yeni tədris ili ərəfəsində uyğun mənzil tapmaqda çətinlik yaşamaq istəməmələri, eləcə də kirayə qiymətlərinin artacağı ehtimalını nəzərə almaları göstərilir. Nəticədə, yay mövsümündə tələbələrin kütləvi şəkildə kirayə mənzilləri boşaltması əvvəlki illərlə müqayisədə daha az müşahidə olunur.

Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında deyib ki, hazırda əmlak sektorunda sürətli qiymət artımı birbaşa kirayə bazarına təsir edən əsas amillərdəndir: 

403570

“Bakı şəhərinin ərazisində fərdi tikinti təyinatlı torpaqların sayı və ərazisi azaldıqca mənzil satışı ilə yanaşı ilk növbədə kirayə mənzil bazarına da güclü təsir edir. Hazırda kirayə üçün bazara çıxarılan ucuz mənzillərin sayı sürətlə azalır. Bunun tam əksinə olaraq, yeni tikililərdə və həyət evlərində də ucuz deyilən qiymət növü mövcud deyil. 

Əvvəllər Bakıətrafı qəsəbələrdə 200-250 manat civarında olan bir otaqlı gecəqondu evlərdə belə artıq güclü qiymət artımı müşahidə olunur. Bu proses isə ilk növbədə kirayəşin insanlara mənfi təsir edir. Əlbəttə, kirayə evlərin bahalaşması və qiymət artımı həm də bu sektora olan güclü tələbatla bağlıdır”. 

Ekspertin sözlərinə görə, sosial problemlərin çox olduğu indiki zamanda iş tapmaq üçün Bakı şəhərinə üz tutan insanlar kirayə bazarı üçün bir nömrəli müştəri sayılırlar:

“Lakin bu siyahıya daha çox təhsil almaq üçün paytaxta üz tutan tələbə kontingentini də əlavə etmək vacibdir. Çünki çox vaxt kirayə evlər məsələsində müəyyənedici qüvvə məhz tələbələr olur. 

Hətta elə valideynlər var ki, övladı universitetə qəbul olarkən dərhal Bakıda münasib yerlərdə kirayə axtarmağa başlayır, kirayə məsələsini elə bəribaşdan həll etməyə çalışırlar. Bir çoxları hətta yay aylarında, üç aylıq tətil boyu kirayə qaldıqları mənzillərin pulunu bəribaşdan ödəyib gedirlər ki, sentyabrda Bakıya qayıdarkən yenidən kirayə ev tapmaq problemləri ilə üzləşməsinlər”.

M. Salahov əlavə edib ki, məhz bu fakt daima Bakıda kirayə bazarını əlçatmaz və yüksək qiymətli hala gətirir: 

“Təbii ki, 3 ay boyunca yaşamadığı kirayə evlərin pulunu ödəmək heç kəsə xoş deyil. Tələbələri buna məcbur edən əsas amil yeni kirayə tapmaq dərdidirsə, digər əsas məqam təhsil aldıqları universitetlərdə tələbə yataqxanalarının olmamasıdır. Keçmiş məcburi köçkünlərin yerləşdikləri əksər yataqxanalar artıq boşalsa da, orda heç bir yenidənqurma işləri aparılmır, tələbələrin rahat və infrastrukturu olan yataqxanalardan istifadəsi əlçatmaz olaraq qalır”.
 
Həmsöhbətmiz təəssüf hissilə qeyd edib ki, bir neçə ali tədris ocağını çıxmaq şərti ilə qalan ali məktəblərdə bu məsələ barədə heç bir irəliləyiş gözə görünmür:

“Tələbə yataqxanasından əli üzülən tələbə isə Bakıya qayıdan zaman daha bahalı kirayə qiymətləri ilə üzləşəcəyini bildiyi üçün boş qalan evlərin pulunu ödəmək məcburiyyətində qalır”.

Günel Cəlilova

0