İlahiyyatçı: “Xurafat dini zəhərləyən virus kimidir”

SOSİAL
13:23 / 01.07.2026
206

Cəmiyyətlərdə dini xurafat və mövhumatın yayılması təkcə dini məsələ deyil, həm də sosial, psixoloji və maarifləndirmə ilə bağlı problemdir. 

İnsanlar bəzən çətin vəziyyətlərdə çıxış yolu axtararkən elmi əsaslara deyil, müxtəlif batil inanclara, falçılığa, cadugərliyə, saxta “müalicə” üsullarına və dini adı altında təqdim edilən əsassız iddialara üz tuturlar.

Ümumiyyətlə, cəmiyyətdə dini xurafatın və mövhumatın qarşısını almaq üçün nə etmək lazımdır?

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib ki, mövhumat və xurafat dini zəhərləyən virus kimidir:

“O, sonra cəmiyyəti də zəhərləyir. Xurafatın qarşısını almaq üçün öncə din xadimləri saflaşmalıdır. Çünki din əsasən ruhanilər və din adamları tərəfindən təqdim olunur. Onlar dini necə təqdim edirsə camaat da elə götürür. Məzhəbçi ilahiyyatçılar dinçi ilahiyyatçılarla əvəzlənməlidir. Çünki məzhəbçilər sadəcə özlərini haqlı, rəqibi haqsız çıxarmaq, fərqlənmək üçün xurafata, mövhumata yönəlirlər. 

Ölkəmizdə xurafat və mövhumat əsla əhali tərəfindən deyil, bəzi din xadimlərinin təbliğatı nəticəsində yayılır. Məlumdur ki, bu xurafatın içində başqa məqsədlər var. Xaricə bağlılıq və yad təsirlərin rolu burada böyükdür. Sağlam, vətənpərvər, xaricə bağlı olmayan ilahiyyatçılara, din bilənlərə şərait, imkan yaradılmalıdır ki, dini düzgün təbliğ etsinlər”.

403277

Ekspert qeyd edib ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bu yöndə fəaliyyəti təqdirəlayiqdir: 

“Azərbaycan İlahiyyat İnstitutu da fəaliyyət göstərir. Eyni zamanda, bir neçə telekanalda sağlam dini maarifçilik yönündə proqramlar təşkil olunub. Lakin gərək Qafqaz Müsəlmanları İdarəsi də bu yöndə addım atsın. Təəssüf ki, o idarədə uzun illərdir heç bir islahat, yenilik olmadığı üçün sovet dövrünün ənənələri ilə fəaliyyət göstərir və sağlam dini maarifçilik yönündə effektiv rolu yoxdur. Orada dəyişikliklər olmalıdır. Milli, vətənpərvər, məzhəbçi olmayan kadrlar önə çəkilməlidir. Xaricə təqlid etmədiklərinə, dövlətini, vətənini sevdiyinə görə küsdürülən, sındırılan, hətta universitet diplomu tanınmayıb elmi fəaliyyətdən məhrum edilən milli ilahiyyatçıların hüquqları bərpa olunmalıdır. 

Mövhumatın qarşısını almaq üçün kadrlar sağlam olmalıdır. Əks halda, digər təbliğatın da faydası olmayacaq. Bu gecə mümkün ola bilər ki, bir tərəfdən televiziya, mətbuatda sağlam dini maarifçilik edək, digər tərəfdən məscidlərdə axundlar bizim əleyhimizə təbliğata, söyüşə, böhtana sifariş versin? Belə bir mühitdə cəmiyyət də dilemma qarşısında qalır”.

İlahiyyatçının dediyinə görə, milli ruhlu, lakin mollalıqdan, ruhanilikdən imtina edib maarifləndirmə işini özünə vəzifə bilən ilahiyyatçılar var ki, qaranlıqdan gizli əllər onların qarşısını alır, süni əngəllər yaradır, işsiz qoyur, elmi fəaliyyətinə qarşı sədd çəkir: 

“Xurafat, mövhumat olduğu yerdə din heç zaman sağlam təbliğ oluna bilməz. Mövhumat və xurafat dinin canına müsəllət olmuş xəstəlik, bəladır: dinimizi, Quranı, peyğəmbəri, əhli-beyti qorumaq istəyiriksə bu bəlaya qarşı mübarizə aparmalıyıq. Amma bu mübarizənin qarşısında bizə qarşı da mübarizə aparılırsa bunun qarşısını almaq bizim işimiz deyil. Xüsusən Məhərrəm ayından sui-istifadə edərək bunu bir fürsət hesab edənlər dini xarab edirlər. İmam Hüseynin özü də cəhalətin, xurafatın, mövhumatın deyil, elmin, ədalətin, tərəqqinin inkişafı üçün şəhid oldu. 

Ancaq indi onu sanki bir məzhəbin dəyərimiş kimi təqdim edib inhisara alıblar və onun obrazı altında məkrli məqsədlərə çatmaq naminə xurafat pərdəsi altında çirkin işlər görürlər. İmam Hüseyni real tarixi şəxsiyyət olmaqdan çıxarıb uydurma rəvayətlərlə mifik dastan, nağıl qəhrəmanı kimi təqdim etmək o həzrətə, dinə ən böyük həqarətdir. Onun şəhadət xatirəsini hər dəfə mübahisə mövzusuna, xurafat mənbəyinə çevirirlər”.

Tural İrfan onu da əlavə edib ki, ibrətlik bir hadisəni müasir zaman üçün xarakterik olmayan, orta əsrlərin primitiv üsulları ilə əcaib və eqoist üsullarla zorla, hikkə ilə cəmiyyətə fərqli şəkildə yeritmək din deyil:

“Din təkid etmək yox, təklif etməkdir. Din ikrah etdirmək yox, islah etməkdir. Din söydürmək yox, sevdirməkdir. Lakin yaxşı din xadimləri ilə yanaşı təhlükəli, zərərli din xadimləri də var ki, cəmiyyəti zəhərləyirlər. 

Dinin təqdim etdiyi müqəddəs obrazları öz maddi mənafeyinə, xaricdə təqlid etdiyi müctəhidin məzhəbçilik ambisiyalarına qurban verirlər. Qafqaz Müsəlmanları İdarəsi və din xadimləri milliləşməlidir. Xarici din modellərinin tətbiq edilməsinə son qoyulmalıdır. Xalqın həmrəyliyini, inanclı vətəndaşların vəhdətini pozmağa yönəlmiş fəaliyyətlərin qarşısı alınmalıdır”.

Günel Cəlilova

0