Adi süd qutusundan istifadə etməklə ev ventilyatorunun isti havalarda daha effektiv işləməsinə nail olmaq mümkündür.
HİT.az xəbər verir ki, Böyük Britaniyanın "Liverpool Echo" nəşrinin yazdığına görə, bu üsulu ev təmizliyi üzrə mütəxəssis Vikki tövsiyə edir.
Məqalədə qeyd olunur ki, yay istisində bir çox insan sərinlənmək üçün ventilyatordan istifadə etsə də, bu cihaz havanı birbaşa soyutmur. Ventilyator yalnız havanı dövriyyəyə buraxaraq dəridəki nəmin daha sürətlə buxarlanmasına kömək edir və nəticədə insan özünü daha sərin hiss edir. Lakin otaqdakı havanın temperaturu əslində dəyişmir.
Mütəxəssisin sözlərinə görə, ventilyatorun təsirini artırmaq üçün onun qarşısına içərisi su ilə doldurulmuş və dondurulmuş qab yerləşdirmək kifayətdir. Bu məqsəd üçün kartondan hazırlanmış süd qutusu xüsusilə əlverişli hesab olunur.
«Etməli olduğunuz yeganə şey ventilyatorun qarşısına soyuq və ya dondurulmuş bir əşya qoymaqdır. Belə olduqda cihazın hərəkət etdirdiyi hava əvvəlkindən daha sərin olacaq. Köhnə süd qutusunu su ilə doldurun, dondurun və ventilyatorun önünə yerləşdirin», – deyə Vikki bildirib.
Materialda izah edilir ki, buz ərimək üçün ətraf mühitdən istilik enerjisini udur. Buna görə də dondurulmuş su qabı yalnız havanı sərinləşdirməyə kömək etmir, eyni zamanda istiliyin bir hissəsini özünə çəkərək otaqdakı rahatlıq hissini artırır.
Mütəxəssis bildirir ki, bu məqsədlə plastik butulka da istifadə oluna bilər. Lakin karton süd qutusunun səthi daha geniş olduğundan istiliyi daha effektiv udur.
Bu üsuldan istifadə etmək üçün təmiz süd qutusunu təxminən dörddəüç hissəyədək su ilə doldurmaq, donma zamanı suyun genişlənməsi üçün yuxarı hissədə boş yer saxlamaq və daha sonra onu dondurucuya yerləşdirmək tövsiyə olunur.
İstifadə zamanı qutunun altına ərimə nəticəsində yaranan suyu toplamaq üçün dəsmal sərmək məsləhətdir. Həmçinin ventilyatorla dondurulmuş qab arasında kiçik məsafə saxlanılmalıdır ki, kondensat və su elektrik cihazına düşməsin.
Samir

