Uşaq sahibi olmağı planlaşdıran cütlüklərə hamiləlikdən ən azı altı ay əvvəl siqaret və alkoqoldan imtina etmək tövsiyə olunur.
HİT.az xəbər verir ki, reproduktoloq Kirill Dvortsov bu dövrdə adi siqaretin nikotin plastırları və ya nikotinli saqqızlarla əvəz edilməsinin nə dərəcədə təhlükəsiz olduğunu izah edib.
Mütəxəssis gazeta.ru-ya bildirib ki, nikotin plastırları, nikotinli saqqızlar və spreylər siqaret tüstüsü və ya elektron siqaret buxarı ilə müqayisədə xeyli az zərərlidir.
Onun sözlərinə görə, reproduktiv sağlamlığa əsas zərəri nikotinin özü deyil, tütünün yanması və ya qızdırılması zamanı əmələ gələn zərərli maddələr vurur.
"Nikotin özü asetilxolin adlı neyromediatorun təsirini təqlid edir və reproduktiv sistemə ciddi zərər vermir. Asılılığı yaradan nikotindir, lakin əsas sağlamlıq riski tütünün parçalanması nəticəsində yaranan arsen və digər zərərli maddələrlə bağlıdır", deyə Dvortsov bildirib.
Mütəxəssis əlavə edib ki, siqaret çəkən insanların uşaq sahibi olması daha çətin olur.
Onun sözlərinə görə, siqaret çəkən qadınlarda ekstrakorporal mayalanma (EKM) prosedurunun uğurlu nəticə verməsi üçün orta hesabla siqaret çəkməyən qadınlarla müqayisədə iki dəfə çox cəhd tələb olunur. Həmçinin onların reproduktiv potensialını qiymətləndirmək üçün istifadə olunan anti-Müller hormonunun (AMH) səviyyəsi orta hesabla 8 faiz daha aşağı olur.
Bundan başqa, siqaret çəkən qadınlarda menopauza siqaret çəkməyənlərlə müqayisədə orta hesabla dörd il daha erkən başlayır.
Həkimin sözlərinə görə, siqaret çəkən kişilərdə isə spermanın keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə pisləşir və genetik zədələnmiş spermatozoidlərin sayı artır.
Samir


