Bu ilin ilk 4 ayında Azərbaycana xarici ölkələrdən 4 min 412 ton iribuynuzlu heyvan əti gətirilib.
İdxal olunan məhsulun ümumi dəyəri 17,4 milyon ABŞ dolları təşkil edib. Rəsmi statistikaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 40 faiz, həcm baxımından isə 39 faiz artıb. Buna baxmayaraq, bazarda ətin satış qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunmur.
Bəs idxalın artmasına rəğmən, qiymətlər niyə aşağı düşmür?
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda ət idxalının artımı son bir neçə ildir davam edir:

“Qiymətlərin ucuzlaşmamasının əsas səbəblərindən biri yerli istehsalın azalmasıdır. İdxal olunan ət yerli istehsaldakı çatışmazlığı qismən kompensasiya etsə də, bazarın tələbatını tam ödəməyə kifayət etmir. Son 5 ildə iribuynuzlu mal-qaranın sayında ciddi azalma müşahidə olunur və bu da qiymətlərin yüksək qalmasına təsir edən əsas amillərdən biridir”.
Həmsöhbətimiz bildirib ki, ət istehsalçıları da qiymətləri aşağı salmaqda maraqlı deyillər:
“Digər sahələrdə də qiymətlər azalmır, əksinə artır. Ərzaq inflyasiyası 6-7 faiz səviyyəsindədirsə, istehsalçılar da artan xərclərini kompensasiya etməyə çalışırlar. Bu səbəbdən ətin qiyməti ucuzlaşmır. Digər tərəfdən, bazarda ətə tələbat yüksək olaraq qalır. Xaricdən idxal olunan məhsullar olmasaydı, qiymətlər indiki ilə müqayisədə daha sürətlə yüksələrdi”.
Günel Cəlilova


