Deputat: “Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artır”

SİYASƏT
13:00 / 03.07.2026
252

“Beynəlxalq münasibətlər sistemində etibar illərlə qazanılır, lakin bir anın içində itirilə bilər. Məhz buna görə də bu gün Avropa Azərbaycanı yalnız zəngin enerji ehtiyatlarına malik ölkə kimi deyil, sözünə və öhdəliyinə sadiq, mürəkkəb geosiyasi proseslərdə etibarlı mövqe nümayiş etdirən strateji tərəfdaş kimi dəyərləndirir”. 

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, dünyanın siyasi və iqtisadi təlatümlərlə üzləşdiyi bir dövrdə Azərbaycanın nümayiş etdirdiyi ardıcıl siyasət onun beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb:


“Artıq reallıq dəyişib. Bir zamanlar Azərbaycanla əməkdaşlıq daha çox iqtisadi maraqlar prizmasından qiymətləndirilirdisə, bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin, nəqliyyat-kommunikasiya bağlantılarının, yaşıl enerji strategiyasının və regional sabitlik siyasətinin ayrılmaz hissəsinə çevrilib. Bu isə təsadüfi deyil. Dövlətimizin həyata keçirdiyi uzaqgörən siyasət, müasir infrastruktur layihələri və milli maraqlara söykənən müstəqil xarici siyasət Azərbaycanın geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artırıb”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan heç vaxt tərəfdaşlarını yarı yolda qoymayan, öhdəliklərini vaxtında və yüksək məsuliyyətlə yerinə yetirən dövlətdir:
“Məhz bu xüsusiyyət ölkəmizi fərqləndirən ən mühüm strateji üstünlüklərdən biridir. Avropa da bunu görür və etiraf edir. Bu gün Brüssel üçün Azərbaycan təkcə etibarlı enerji mənbəyi deyil, həm də Avrasiyanın kəsişməsində yerləşən, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi mərkəzdir.

Ən əlamətdar məqam isə budur ki, Azərbaycanın beynəlxalq nüfuzu yalnız təbii sərvətlərə deyil, həyata keçirdiyi müstəqil siyasi kursa, prinsipial mövqeyinə və etibarlı tərəfdaş imicinə söykənir. Müasir dünyada etibar ən bahalı strateji kapitaldır. Azərbaycan bu kapitalı ardıcıl fəaliyyəti, məsuliyyətli siyasəti və milli maraqları qətiyyətlə müdafiə edən dövlət iradəsi ilə formalaşdırıb”.

Elnarə Akimova vurğulayıb ki, bu gün Bakı ilə Brüssel arasında qurulan münasibətlər keçici maraqlara deyil, uzunmüddətli strateji hədəflərə əsaslanır:
“Qarşılıqlı etimad, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlar bu tərəfdaşlığın əsas sütunlarıdır. Buna görə də Azərbaycanın Avropa üçün əhəmiyyəti hər ötən gün daha da artır. Çünki bugünkü dünyada etibarlı tərəfdaş tapmaq enerji mənbəyi tapmaqdan daha çətindir. Azərbaycan isə hər iki üstünlüyü özündə birləşdirən nadir dövlətlərdən biri kimi beynəlxalq münasibətlər sistemində mövqeyini getdikcə daha da möhkəmləndirir”.

Elmir Mustafa

0