Kəpənəklər insanlara hansı mesajı verir?

MARAQLI
11:05 / 01.07.2026
213

Həyatına çirkin, rəngsiz və ləng tırtıl kimi başlayan canlının bir neçə həftə içində qapqaranlıq barama daxilində tamamilə əriyib, sonra yer üzünün ən estetik uçan sənət əsərinə çevrilməsi təbiətin ən böyük sehrlərindən biridir.

Hit.az bildirir ki, söhbət kəpənəklərdən gedir.

Lakin bu sehrli çevrilmə bitdikdən sonra kəpənəyin gündəlik həyat mübarizəsi başlayır. Bəs bu zərif qanadların altında hansı sirlər gizlənir?

Ayaqları ilə dad bilir
Təsəvvür edin ki, bir tortun dadlı olub-olmadığını bilmək üçün onun üzərinə ayaq basırsınız. Kəpənəklər məhz bunu edirlər. Onların dadbilmə sensorları ağızlarında deyil, ayaqlarındadır. Bir kəpənək bitkinin üzərinə qonanda, ayaqlarındakı xüsusi kimyəvi qəbuledicilər vasitəsilə o yarpağın və ya çiçəyin şirəsini hiss edir. Həmçinin, dişi kəpənəklər yumurtalarını qoymaq üçün düzgün bitkini də məhz yarpağı ayaqları ilə “dadaraq” seçirlər. 

Qanadları rəngli deyil
Kəpənəklərin rəngarəng qanaqları hər kəsi valeh edir. Lakin həmin rənglər əslində illüziyadır. Çünki kəpənəklərin qanadları xitin adlı şəffaf bir maddədən ibarətdir. Qanadların üzəri minlərlə mikroskopik pulcuqlarla örtülüdür. Bu pulcuqlar elə bir həndəsi quruluşa malikdir ki, işıq onların üzərinə düşəndə sınaraq fərqli rənglərdə əks olunur. Yəni o möhtəşəm naxışlar boya deyil, sadəcə işığın möhtəşəm bir fizika oyunudur. Əgər bir kəpənəyin qanadına toxunsanız və əlinizə toz kimi bir şey bulaşsa, bilin ki, o pulcuqları zədələdiniz və o hissə artıq şəffaf olacaq. 

Çənələri və dişləri yoxdur
Kəpənəklərin dişləri və ya çənələri yoxdur, ona görə də bərk olan hər hansısa qidanı yeyə bilməzlər. Onların ağzı uzun bir xortumdan ibarətdir. Hətta istifadə etmədikləri zaman bu xortumu spiral kimi büküb saxlayırlar. Çiçək şirəsi içmək istədikdə isə onu bir kokteyl çöpü kimi uzadıb şirəni sorurlar. Maraqlıdır ki, onlar təkcə çiçək şirəsi deyil, bəzən mineral ehtiyaclarını ödəmək üçün nəm palçıqdan, tordan və hətta çürümüş meyvələrin suyundan da qidalanırlar. 

Nə qədər yaşayırlar?
Hamımızın bildiyi “kəpənəyin ömrü bir gündür” ifadəsi əslində böyük bir yanlışdır. Kəpənəklərin ömrü onların növündən asılıdır. Kiçik kəpənəklər adətən 1-2 həftə yaşayırlar. Lakin elə növlər var ki, aylarla yaşaya bilir. Məsələn, “Monarx kəpənəkləri” təxminən 8-9 ay ömür sürürlər və bu müddətdə Kanadadan Meksikaya qədər minlərlə kilometrlik nəhəng bir yolu qət edirlər.

Qanadlarından günəş paneli kimi istifadə edirlər
Kəpənəklər soyuqqanlı canlılardır, yəni bədən temperaturlarını daxildən tənzimləyə bilmirlər. Uça bilmək üçün onların qanad əzələlərinin müəyyən bir istiliyə (təxminən 29-30 dərəcə) ehtiyacı var. Ona görə də səhərlər kəpənəkləri tez-tez qanadlarını tam açaraq günəşin altında hərəkətsiz dayanan görərsiniz. Onlar sadəcə qanadlarını bir günəş paneli kimi istifadə edib daxili motorlarını qızdırırlar. Hava çox soyuq olanda isə ümumiyyətlə uça bilmirlər. 

Kəpənəklər bizə mesaj verir
Kəpənəklər bizə həyatın ən vacib fəlsəfəsini pıçıldayırlar: “Dəyişməkdən qorxma”. O yerdə sürünən, darıxdırıcı tırtıl öz içinə qapanıb çətin transformasiyanı keçməsəydi, heç vaxt göylərdə azad şəkildə rəqs edə bilməzdi. Hər bir gözəllik müəyyən bir qaranlıq dövrdən keçməyi tələb edir. Növbəti dəfə bir kəpənəyin uçuşunu izləyəndə, sadəcə rənglərə deyil, o rənglərin arxasındakı böyük daxili üsyana heyran qalın...

Pərviz

0