Qədim insanların yerdən rəngli daş, balıqqulağı və ya qeyri-adi budaq götürərək özləri ilə aparmaq vərdişi təxminən yarım milyon il əvvələ gedib çıxır. Alimlərin fikrincə, həmin əşyalar sadəcə kolleksiya nümunələri deyil, həm də xatirələri qorumaq və şəxsi keçmişi yadda saxlamaq vasitəsi olub.
HİT.az xəbər verir ki, Təl-Əviv Universitetinin Oksford Universitetindən olan həmkarları ilə birgə apardığı araşdırmanın nəticələri “Evolutionary Anthropology” jurnalında dərc edilib.
Tədqiqatçılar İsraildə yerləşən bir neçə qədim insan məskənindən tapılan arxeoloji nümunələri araşdırıblar. Bunların arasında müxtəlif ərazilərdən mağaralara gətirilmiş rəngli daşlar, daxilində fosillər olan əl baltaları və ilkin görünüşü qorunmaqla yenidən itilənmiş qədim çaxmaqdaşı alətlər var.
Alimlərin ehtimalına görə, bu əşyaların bir qismi praktiki məqsəd daşımayıb. Onlar qədim insanlar üçün müəyyən bir məkanı, yaşanmış hadisəni və ya əhəmiyyətli qarşılaşmanı xatırladan əşyalara çevrilib.
Tədqiqat müəllifləri hesab edirlər ki, belə predmetlər insanlarda şəxsi təcrübə ilə başqalarından eşidilən məlumatı fərqləndirmək qabiliyyətinin inkişafına da təsir göstərib. Əşyanın görünüşü və toxuması onun hansı hadisə ilə bağlı olduğunu yadda saxlamağa kömək edib. Bu isə qədim icmalarda etimadın, qarşılıqlı münasibətlərin və sosial əlaqələrin qorunmasında əhəmiyyətli rol oynayıb.
Araşdırmanın müəlliflərindən doktor Yoav Ramın sözlərinə görə, qədim insanların mağaralara gətirdiyi rəngli daşlar və köhnə alətlər bir növ xarici yaddaş vasitəsi kimi xidmət etmiş ola bilər. Onlar insanın həyatında baş vermiş mühüm hadisələri uzun müddət xatırlamasına kömək edib.
Alimlər bu vərdişin avtobioqrafik yaddaşın inkişafı ilə də əlaqəli olduğunu düşünürlər. Bu yaddaş növü insanın şəxsi təcrübələrini vahid həyat hekayəsi şəklində birləşdirməsinə və özünü dərk etməsinə imkan verir.
Tədqiqatçılar maraqlı bir məqama da diqqət çəkiblər. Onların fərziyyəsinə görə, böyük heyvanların, o cümlədən fillərin yoxa çıxması qədim insanları yeni ov əraziləri axtarmağa məcbur edib. Maral və vəhşi öküzlərin yaşadığı yeni ərazilərlə tanışlıq zamanı tapılan əşyalar isə həmin məkanlarla şəxsi bağlılığı qorumağa xidmət edə bilərdi.
Müəlliflər qeyd edirlər ki, bu izah hələlik elmi fərziyyədir və tapılan hər qeyri-adi daşın mütləq xatirə əşyası olduğunu sübut etmir. Bununla belə, arxeoloji tapıntılar insanların təxminən 500 min il əvvəl də müəyyən predmetləri xatirə məqsədilə qoruyub saxladıqlarını göstərir.
Samir


