Son vaxtlar populyarlıq qazanan və orqanizmdə aclıq effektini təqlid edən FMD pəhrizi çəki azaltmağa və zədələnmiş hüceyrə komponentlərinin parçalanması prosesini aktivləşdirməyə kömək edə bilər. Lakin bu qidalanma üsulu hər kəs üçün təhlükəsiz deyil. Xüsusilə diabet xəstələri və bəzi xroniki xəstəlikləri olan şəxslər ciddi risklərlə üzləşə bilərlər.
HİT.az xəbər verir ki, bu barədə Perm Milli Tədqiqat Politexnik Universitetinin Kimya və Biotexnologiya kafedrasının baş elmi işçisi, tibb elmləri namizədi Valeri Litvinov “Gazeta.Ru”ya açıqlamasında bildirib.
FMD (Fasting Mimicking Diet) pəhrizinin əsas prinsipi ay ərzində beş gün ərzində qəbul edilən kalorinin kəskin azaldılmasıdır. Mütəxəssisin sözlərinə görə, ilk gün təxminən 1100, növbəti dörd gündə isə 700-800 kilokalori qəbul edilir.
Bu qidalanma modelində zülallar gündəlik rasionun təxminən 10 faizini, faydalı yağlar və karbohidratlar isə ayrı-ayrılıqda 45 faizini təşkil edir.
Alim izah edib ki, kalori məhdudiyyəti orqanizmdə aclıq vəziyyətinə bənzər proseslər yaradır. Nəticədə bədən enerji əldə etmək üçün yağ ehtiyatlarından daha fəal istifadə etməyə başlayır, hüceyrələrdə isə zədələnmiş komponentlərin parçalanması və yenilənməsi prosesi güclənir. Bununla yanaşı, insulin səviyyəsi də aşağı düşə bilər.
FMD pəhrizinin ikinci tip diabet və bəzi onkoloji xəstəliklərin riskinin azaldılması ilə əlaqəsi də araşdırılır. Bununla belə, mütəxəssis bu üsulun xərçəngin qarşısını alan və ya onu müalicə edən sübut edilmiş vasitə kimi qəbul edilməsinin düzgün olmadığını vurğulayıb.
Litvinovun sözlərinə görə, bu pəhriz əsasən artıq çəkisi olan sağlam insanlar üçün nəzərdə tutulur. Uşaqlara, hamilə və süd verən qadınlara, çəkisi normadan aşağı olanlara, ciddi əzələ itkisi və qidalanma pozuntuları yaşayanlara tövsiyə edilmir.
Xüsusilə diabet xəstələri diqqətli olmalıdırlar. Qan şəkərini aşağı salan dərmanlar qəbul edən şəxslərdə kalorinin kəskin azaldılması qlükoza səviyyəsinin təhlükəli həddə düşməsinə səbəb ola bilər. Pəhrizin mümkün yan təsirləri arasında başgicəllənmə, halsızlıq, baş ağrısı, ürəkbulanma və əsəbilik də var.
Alim daha təhlükəsiz alternativ kimi Aralıq dənizi pəhrizini göstərib. Bu qidalanma modelində tərəvəzlərə, meyvələrə, paxlalılara və tam taxıllara üstünlük verilir, zeytun yağından istifadə olunur, balıq orta miqdarda qəbul edilir, qırmızı ət və şirniyyatların istehlakı isə məhdudlaşdırılır.
Samir

