ABŞ-ın cənub-qərbində yerləşən Rio-Qrande rift zonası geoloji baxımdan aktivliyini qoruyur və tədricən genişlənməyə davam edir. Alimlərin fikrincə, milyonlarla il əvvəl formalaşmağa başlayan bu tektonik quruluş uzaq gələcəkdə daha da böyüyərək okeana çevrilə bilər.
HİT.az xəbər verir ki, bu barədə "WPtech" nəşri yazıb.
Rio-Qrande yalnız eyniadlı çay və kanyondan ibarət deyil. Təxminən 415 min kvadratkilometr ərazini əhatə edən bu rift sistemi bir neçə ştatdan keçir, çoxsaylı çökəklikləri və dağ silsilələrini özündə birləşdirir. Sahəsinə görə Avropadakı Karpat dağlarının ümumi ərazisindən təxminən iki dəfə böyükdür.
Rift necə yaranıb?
Geoloqların məlumatına görə, Rio-Qrande riftinin formalaşması təxminən 29-35 milyon il əvvəl başlayıb. Həmin dövrdə Şimali Amerika qitəsinin daxili hissəsində tektonik dəyişikliklər baş verib. Kolorado yaylası nisbətən sabit qaldığı halda, onun cənubunda, qərbində və şərqində yerləşən ərazilər çökməyə başlayıb.
Bu proses nəticəsində uzun çökəkliklər silsiləsi yaranıb və sonradan Rio-Qrande rift sistemini formalaşdırıb.
Tektonik hərəkətlər bölgədə zəlzələlərə də səbəb olub. Xüsusilə riftin şərq kənarında baş verən geoloji proseslər Mərkəzi Nyu-Meksikoda dağ silsilələrinin yüksəlməsinə şərait yaradıb.
Rio-Qrande çayı nə vaxt yaranıb?
Maraqlı məqamlardan biri də odur ki, riftin yaranması ilə eyniadlı çayın formalaşması arasında milyonlarla il fərq var.
Geoloqların əksəriyyəti Rio-Qrande çayının böyük su axınına təxminən 1-2 milyon il əvvəl çevrildiyini düşünür. Həmin dövrdə yeni yaranmış Qayalı dağların yüksək hissələrində qar daha müntəzəm toplanmağa başlayıb. Qarın əriməsi nəticəsində yaranan sular Koloradodan Nyu-Meksikoya doğru axaraq əvvəldən mövcud olan tektonik çökəkliklərdən keçib.
Beləliklə, çay öz vadisini sıfırdan yaratmayıb, milyonlarla il əvvəl formalaşmış hövzələrdən istifadə edib. Onun bu ərazidəki təxminən 550 kilometrlik hissəsi Nyu-Meksiko ştatının Sokorro şəhəri istiqamətinə qədər uzanır.
Gələcəkdə okeana çevrilə bilər
Rio-Qrande dünyanın cəmi beş aktiv kontinental rift zonasından biri hesab olunur. Bu tip geoloji quruluşlarda Yer qabığı tədricən dartılır və nazilir, nəticədə qitə parçalanma istiqamətində dəyişir.
Bəzi geoloqlar hesab edirlər ki, proses çox uzun müddət davam edərsə, Rio-Qrande riftinin genişlənməsi nəticəsində gələcəkdə yeni okean hövzəsi yarana bilər. Bununla belə, söhbət milyonlarla il davam edə biləcək geoloji prosesdən gedir.
Məqalədə Çində yerləşən Pinlu vadisi də aktiv rift zonalarına nümunə kimi göstərilir. Şansi rift sisteminin bir hissəsi olan bu geoloji quruluş 1200 kilometrdən çox məsafəyə uzanır və ölkənin şimalında tektonik dəyişikliklərin davam etdiyini göstərir.
Samir


