Qiymət artımının qarşısını almaq üçün hansı tədbirlərə ehtiyac var? - Ekspert 

İQTİSADİYYAT
10:28 / 06.04.2022
1682

"Qiymət  artımının qarşısını almaq üçün bir neçə amil nəzərə alınmalıdır. Bu zaman  qısamüddətli və uzunmüddətli tədbirlər planı həyata keçirilməlidir”. 
 
Bu fikirləri Qaynarinfo-ya açıqlamasında "Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli söyləyib.

A.Nəsirli Baş nazir Əli Əsədovun imzası ilə "Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarına edilən dəyişikliyə münasibət bildirərkən deyib ki, Azərbaycan ərzaq məhsulları üzrə idxaldan asılı ölkədir. Ona görə də qısamüddətli tədbirlər fonunda dar məqamda daha münasib idxalın həyata keçməsi üçün mənbə axtarılmalıdı: ”Rusiya və Ukrayna məlum səbəblərdən Azərbaycana məhsul ixrac edə bilmir. Digər ölkələrdə isə ərzaq məhsularının qiyməti bahalaşıb. Bu  səbəbdən problemdən çıxmaq üçün hökumət və sahibkarların beynəlxalq arenada birgə işləmələri vacibdir. Ölkə  daxilində idxalla məşğul olanlara qiyməti qaldırmamaları üçün subsidiya da vermək olar.  Onlar müəyyən vergilərdən, ƏDV və rüsumlardan azad olmalıdırlar”. 

Həmsöhbətimiz düşünür ki, uzunmüddətli tədbir olaraq əsas məsələ isə kənd təsərrüfatının inkişaf etdirilməsi olmalıdır: "İddia edirəm ki, Azərbaycanda istehlak olunan ərzaq buğdası tamamilə xaricdən gətirilir. Ona görə də buğdanın ölkə daxilində istehsalını təmin etməliyik. Sovetlər dönəmində  Azərbaycan özünü ərzaq buğdası ilə yüz faiz təmin edirdi. Həmin dövrdən  indiyə kimi, əkin sahələri genişlənsə də, məhsuldarlıq aşağı düşüb”.

İqtisadçının fikrincə, məhsualdarlıq 30-dan 50 faizə qaldırılsa, daxili tələbatı yerli istehsal hesabına ödəmək gücündə olarıq: "Bunun üçün isə keyfiyyətli buğda, toxum lazımdır, aqrotexniki xidmətlər həyata keçməlidir. Hökumət  kənd təsərrüfatına ciddi sərmayə yatırmalıdır. Bu sahəyə ayrılan subsidiya artırılmalıdır. Prosesdə  dönüş yaratmaq üçün inhisarçılığa da zərbə vurulmalıdır.  Qiymətlərin ucuzlaşmasında ən böyük maneə məhz monopoliyadır”. 

1