12:53 / 26.06.2022
407

Kəlbəcərdə qızıl emalı zavodu tikiləcək?

“Kəlbəcərdəki qızıl yataqlarının istifadəsi ilə bağlı işlər aparılır”.

Bu barədə Modern.az-a Kəlbəcərin deputatı Aqil Məmmədov məlumat verib. Deputat xatırladıb ki, hələ Sovetlər dövründə Azərbaycan geoloqlarının səyi ilə yeraltı yataqlar müəyyənləşdirilmişdi:

“Söyüdlü, Keyti dağ, Ağduzlaq, Zəylik, Zərqulu, Qalaboynu və digər yataqlarda qızıl ehtiyatları mövcud idi. Kəlbəcərdə digər filizlər də zəngindir. Məsələn, sinq, civə, volfram, xlomed, mis, qurğuşun və s. Kəlbəcərdə çıxarıla bilər. Qiymətli daşlar, tikinti materialları, yarımqiymətli materiallar, boyalar və s. yataqları da aşkar edilib. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız erməni tapdağından azad edildi. Artıq doğma torpağımızdakı filizlərin istifadəsi üçün işlər aparılır”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı danışarkən dost ölkələrin bu prosesdə dəstəyi məsələsinə də toxunmuşdu. Bu mənada Türkiyənin işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinə cəlb edilməsi, eyni zamanada həmin yerlərdəki yataqların istifadəsi ilə bağlı təcrübəsini tətbiq etməsi istisna edilmir:

“Türkiyə müharibə dövründə Azərbaycana siyasi dəstəyini heç vaxt əsirgəmədi. Ona görə həmin ərazilərimizdə filiz yataqlarının istifadəsinə Türkiyə şirkətlərinin cəlb edilməsi məqsədəuyğundur. Filiz yataqlarının öyrənilməsi, işlənməsi və istifadəsi ilə bağlı Türkiyə şirkətləri ilə lazımi razılaşmalar əldə edilib. Onlar Azərbaycan qanunlarına uyğun istifadə ediləcək”.

Aqil Məmmədov onu da qeyd edib ki, təbii ehtiyatların istifadəsi ilə əlaqədar mədənin, zavodun tikintisi haqqında sonrakı proseslərdə qərar əldə ediləcək:

“Ola bilər, zavod Kəlbəcərdə fəaliyyət göstərsin. Ya da filizləri orada çaxarıb, emal üçün başqa zavoda aparılsın. Bu yataqların öyrənilməsindən sonrakı qərarlardan asılı olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən, yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.

0