Azərbaycanda 2026-2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı çərçivəsində kənd təsərrüfatı sahəsində təhsil keyfiyyətinin beynəlxalq standartlara çatdırılması qarşıya mühüm məqsəd kimi qoyulub.
Bu hədəfə çatmaq üçün qabaqcıl xarici universitetlərlə ikili diplom proqramlarının sayının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Eyni zamanda, sənədə əsasən, aqrar sahədə qlobal təcrübənin ölkəmizə gətirilməsi məqsədilə xarici tərəfdaş ali məktəblə birgə müasir təhsil ocağı təsis ediləcək. Beləliklə, reallaşdırılacaq bu islahatlar kənd təsərrüfatı sektoru üçün yüksəkixtisaslı, beynəlxalq rəqabətqabiliyyətli kadrların yetişdirilməsinə geniş imkanlar açacaq.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Hit.az-a açıqlamasında deyib ki, 2026–2030-cu illər üçün təsdiqlənmiş Dövlət Proqramında kənd təsərrüfatı sahəsində təhsil imkanlarının genişləndirilməsi bu sahədə keyfiyyət dəyişikliyinə səbəb olacaq:
“Lakin nəzərə almaq lazımdır ki, aqrar sahə üzrə yüksək ixtisaslı yerli kadr çatışmazlığı mövcuddur. Yeni universitet fəaliyyətə başladıqdan sonra tədris prosesi birbaşa xarici tərəfdaş universitetin rəqəmsal və qeyri-rəqəmsal texnologiyalar əsasında hazırlanmış proqramları üzrə təşkil ediləcək”.
Onun sözlərinə görə, bu isə kurikulum sisteminin birbaşa tətbiqi deməkdir:
“Bu addım həm də beyin axınının qarşısının alınmasına da töhfə verəcək. Hesab edirəm ki, bu yenilik sayəsində gənclər xaricə getmədən ölkə daxilində qabaqcıl və nüfuzlu diplom əldə edə biləcəklər. Bununla yanaşı, rəqabət mühiti də genişlənəcək. Aqrar Universitet və digər region universitetləri arasında sağlam rəqabət formalaşacaq ki, bu da təhsil keyfiyyətinin yüksəlməsinə xidmət edəcək”.
Ekspertin sözlərinə görə, yeni ali təhsil müəssisəsi elmlə istehsalatın inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyacaq. Həmsöhbətimiz əlavə edib ki, hazırda aqrar sahədə kütləvi kadr qıtlığı müşahidə olunmasa da, yüksək texnologiyalarla işləyə bilən mütəxəssislərin sayı kifayət qədər deyil:
“Bu sahədə daha çox müasir bilik çatışmazlığı hiss olunur. Klassik aqrar ixtisaslar üzrə mütəxəssislərlə yanaşı, ağıllı aqrar təsərrüfatların idarə olunması, süni intellekt, müasir suvarma sistemləri və digər innovativ istiqamətlər üzrə kadrların sayı azdır. Bəzi hallarda bu sahələrdə çalışmaq üçün xarici mütəxəssislərin xidmətlərindən istifadə etməyə məcbur oluruq. Təəssüf ki, müasir bilik və bacarıqların yetərli olmaması səbəbindən yerli mütəxəssislər həmin sahələrdə fəaliyyət göstərə bilmirlər”.
Mütəxəssisin fikrincə, yeni universitetdə tədrisin xarici dillərdə aparılması ehtimalı yüksəkdir:
“Müasir metodologiyalarla işləyə bilən yerli pedaqoji heyətin məhdudluğu müəyyən çətinliklər yarada bilər. Bununla belə, 2026–2030-cu illər üçün təsdiqlənmiş Dövlət Proqramının əsas məqsədi aqrar sahə üzrə peşəkar və rəqabətqabiliyyətli mütəxəssislərin sayını artırmaqdır”.
Günel Cəlilova



