Aziz Yıldırım, yoxsa Hakan Safi: “Fənərbaxça” prezidenti kim olacaq?

İDMAN
15:53 / 01.06.2026
105

“Bu gün “Fənərbaxça” klubunda prezidentlik uğrunda ciddi mübarizə getməkdədir”.

Bu sözləri “CBC Sport” telekanalının və “Footcast TV”nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, həm Aziz Yıldırım, həm də Hakan Safi gələcək yönümlü strategiyaları barədə məlumat veriblər:


“Lakin bu məlumatlar natamamlıq daşıyır. Yəni hər iki tərəf həmlələri barədə konkret adlar demirlər. Məsələn, Aziz Yıldırım klub üçün stadionun yeri dəyişdirilmədən, yeni stadion inşasına ehtiyac duyulmadan bir mərtəbə artırılacağını və bununla bağlı planlamanı ictimaiyyətə təqdim etdi. Buna rəğmən, klubun gələcək fəaliyyəti ilə bağlı heç bir namizədin platformasında dolğun məlumatlar öz əksini tapmadı”.

Həmsöhbətimizin sözlərinə görə, xüsusilə “Qalatasaray”ın ardıcıl beşinci çempionluğuna maneçilik törətməyi əsas prioritet kimi müəyyənləşdirməkləri “Fənərbaxça” kimi böyük camiənin prezidentliyinə namizədin, xüsusilə Aziz Yıldırım fonunda və onun idarə heyətində yer alacağı gözlənilən Mahmud Uslu kimi təcrübəli idarəçilərin açıqlamaları qəbuledilən deyil:
“Yəni böyük cameənin strategiyası “Qalatasaray”ı çempionluqdan etmək deyil, gələcəkdə “Fənərbaxça” üçün atılan düzgün addımla çempionluqlar və müxtəlif idman növlərində uğurlar gətirmək olmalıdır. Lakin Aziz Yıldırımın platformasında və açıqlamalarında xüsusilə “Qalatasaray”ı hədəf almağı “Fənərbaxça”nın böyüklüyünə yaraşmadı. Şəxsən mən bunu böyük klubun prezidentliyinə namizəd olan birinə yaraşdırmıram”.

Ekspert diqqətə çatdırıb ki, Hakan Safi isə öz açıqlamalarında daha çox yeni mövsümdə uğur qazanmağı prioritet kimi müəyyənləşdirdi və bu istiqamətdə transfer strategiyasını ön planda qoydu:
“Əsasən, futbol komandasının uğurlu çıxışı üçün müəyyən işlərin görüləcəyini vəd verdi və transfer strategiyasında yer alacaq ulduz futbolçuların bəzilərinin adlarını açıqlaması ilə bu istiqamətdə fəaliyyət planlarının olduğunu diqqətə çatdırdı. Ancaq azarkeş pəncərəsindən bu məsələyə baxdıqda, onların da bu namizədlərin platformalarından tam razı qaldıqlarını söyləmək olmaz. Buna rəğmən, seçkilərdə Hakan Safinin bir addım ön planda olacağını təxmin edirəm”.

Elçin Cəfərov hesab edir ki, Hakan Safinin “Fənərbaxça” prezidenti seçilmə şansı daha yüksəkdir:
“Çünki Hakan Safi Ali Koçun prezidentliyi dövründə müəyyən transferlərdə kənardan dəstək olaraq bir növ Ali Koçun tərəfində olduğunu nümayiş etdirdi. Düşünürəm ki, Hakan Safi bu seçki prosesində Ali Koçun kənardan dəstəklədiyi bir namizəddir.

Hətta bu seçkidə Koçun kənardan Safiyə edəcəyi dəstək çox önəmli olacaq. Məncə, Ali Koç sayəsində Hakan Safi qalib gələcək. Ali Koç özü namizəd olmasa da, amma Aziz Yıldırımın seçilməməsi üçün seçkiyə bilavasitə kənardan təsir edəcəyini təxmin edirəm”.

Elmir Mustafa

0