Problemli kreditlər daha da artacaq

İQTİSADİYYAT
14:10 / 25.05.2026
85

Son statistik göstəricilər problemli kreditlərin həcmində ciddi artım olduğunu ortaya qoyur. 

Rəqəmlərə əsasən, vaxtında qaytarılmayan borcların ümumi məbləği artıq 600 milyon manatdan yuxarıdır. Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd edilir ki, gecikdirilmiş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz yüksəlib.

Mərkəzi Bankın açıqladığı rəqəmlər isə göstərir ki, ölkədə verilən kreditlərin böyük hissəsi məhz bank sektorunun payına düşür. Belə ki, kredit portfelinin 93,8 faizi banklar tərəfindən formalaşdırılıb, qalan hissə isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları vasitəsilə təqdim olunub.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki, problemli kreditlərin həcminin artmasının əsas səbəbi ölkədəki iqtisadi böhrandır:

400427

“İqtisadi böhran insanların və sahibkarların gəlirlərinin azalması, xərclərinin isə artması deməkdir. Mövcud böhran artıq açıq şəkildə hiss olunur, işsizlik artır və insanlar ciddi çətinliklərlə üzləşirlər. Bu baxımdan, problemli kreditlərin həcminin gələcəkdə daha da artacağı gözlənilir”.

Həmsöhbətimiz hesab edir ki, problemli kreditlərin artması ciddi risklər yaradır: 

“Bu vəziyyət həm borcunu ödəyə bilməyən şəxslər, həm də bank sistemi üçün təhlükəlidir. Kreditlər geri qaytarılmadıqda bankların problemləri daha da artır və onlar öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. Bu isə bəzi bankların bağlanmasına səbəb ola bilər. Buna bənzər vəziyyət 2015-2017-ci illərdə də müşahidə olunmuşdu. Bankların bağlanması isə ölkə iqtisadiyyatı üçün arzuolunan hal deyil”.

Günel Cəlilova

0