Bir çoxunun əziyyət çəkdiyi Otello sindormu nədir?

SAĞLAMLIQ
13:00 / 26.05.2026
91

“Fərqli sindromlardan biri də Otellodur”.

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Otello sindromunun yaranmasının əsas səbəbi insanın daxilindəki dərin güvənsizlik və itirmə qorxusudur:


“Bu insanlar çox vaxt partnyorunu deyil, əslində öz daxili qorxularını idarə edə bilmirlər. Şüuraltında tərk edilmək alçaldılmaq xəyanət görmək və dəyərsiz hiss etmək qorxusu olur. Bu qorxular zamanla xəstəlik səviyyəsində qısqanclığa çevrilir.

Bu sindromun yaranmasına uşaqlıq travmaları ciddi təsir edir. Uşaq vaxtı sevgisiz böyümək, valideynlər arasında xəyanət görmək, daim tənqid olunmaq və diqqətsizlik yaşamaq insanın gələcək münasibətlərində güvən problemi yaratmağa başlayır”.

Ekspert qeyd edib ki, belə insanlar böyüdükdə qarşı tərəfi itirməkdən həddindən artıq qorxurlar və ən kiçik davranışdan belə şübhələnirlər:
“Keçmiş münasibətlərdə xəyanət yaşamaq da əsas səbəblərdəndir. İnsan bir dəfə aldadıldıqda beynində təhlükə hissi yaranır və sonrakı münasibətlərdə də eyni hadisənin təkrarlanacağından qorxur. Bu zaman partnyorunun normal davranışlarını belə xəyanət kimi qəbul etməyə başlayır. 

Aşağı özgüvən də Otello sindromunu gücləndirən əsas faktorlardandır. İnsan özünü kifayət qədər dəyərli görmədikdə düşünür ki, qarşı tərəf onu hər an tərk edə bilər. Bu düşüncə beynində davamlı şübhə və nəzarət ehtiyacı yaradır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bəzi hallarda isə bu vəziyyət sadəcə qısqanclıq deyil, psixoloji pozuntu ilə bağlı olur:
“Xüsusilə obsessiv düşüncələr, paranoid düşüncə tərzi, emosional asılılıq, alkoqol istifadəsi və bəzi psixi xəstəliklər bu sindromu daha ağır hala gətirə bilir. Bu vəziyyətdən xilas olmaq üçün ilk addım problemin fərqinə varmaqdır. İnsan anlamalıdır ki, davamlı şübhə nəzarət və qısqanclıq sevgi deyil daxildəki qorxunun əlamətidir. 

Əgər insan hər gün partnyorunu yoxlayır, daim sübut axtarır və beynində ssenarilər qurursa bu artıq normal münasibət davranışı deyil. Xilas olmaq üçün insan ilk növbədə öz özgüvəni üzərində işləməlidir. Özünü dəyərli hiss etməyən insan münasibətdə daim qorxu yaşayacaq. Buna görə insan öz həyatını münasibətdən ibarət görməməli, özünü inkişaf etdirməli, sosial həyatını gücləndirməli və emosional asılılıqdan çıxmalıdır”. 

Zəhra Zahidova vurğulayıb ki, travmaların araşdırılması və psixoloji dəstək almaq çox vacibdir:
“Problemin kökü çox vaxt keçmişdə yaşanan qorxu və yaralardır. İnsan həmin travmaları sağaltmadıqca yeni münasibətlərdə də eyni şübhələri yaşayacaq. Həmçinin, insan beynində yaranan hər düşüncənin həqiqət olmadığını öyrənməlidir. Çünki Otello sindromunda insan hiss etdiyini gerçək hesab edir. 

Halbuki çox vaxt ortada heç bir sübut olmur. Sadəcə qorxu düşüncələri idarə edir. Sağlam münasibətdə sevgi nəzarət deyil güvəndir. Əgər insan qarşı tərəfi itirmək qorxusunu idarə edə bilmirsə əvvəlcə öz daxilindəki boşluğu doldurmağı öyrənməlidir. Əks təqdirdə, qısqanclıq zamanla həm münasibəti həm də insanın psixologiyasını dağıtmağa başlayır”.

Pərviz

0