“Çempionlar Liqasının qalibi olmaq üçün konkret bir uğur açarı yoxdur”.
Bu sözləri futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.
O, Çempionlar Liqasının PSJ – “Arsenal” finalından danışıb:
“PSJ də nəticə etibarilə penaltilər seriyalarında qalib gəldi. Penaltilər seriyasında isə şanslar yarı-yarıyadır. Yəni Paris təmsilçisi çempion olmaya da bilərdi. Lakin Çempionlar Liqasında ardıcıl 2 il final oynayıb, çempion olmaq PSJ üçün böyük nailiyyətidir. Çünki Fransa klubu son dönəmlərdə nə qədər maliyyə ayırsa da, dünya ulduzlarını transfer etsə də, bu zirvəyə gəlib çıxa bilmirdi”.
Ekspert qeyd edib ki, PSJ-nin baş məşqşisi Luis Enrike komandanın bütün mövqelərini balanslı şəkildə qoruyub saxlamağı bacardı:
“Həmçinin, kifayət qədər yaxşı transferlər də etdilər. Hətta hər mövqe üçün ən güclü oyunçuları seçməyə çalışdılar. Onların hər biri həm hücum xəttində, həm müdafiədə, həm də yarımmüdafiə xəttində stabil oyun nümayiş etdirə bilən oyunçular idilər.
Məsələn, PSJ-nin əvvəlki heyətində Messi, Neymar və Mbappe kimi dünya ulduzları var idi. Komanda həmin vaxtlarda hücum planı baxımından çox güclü idilər, amma bir tək hücumla Çempionlar Liqasını qazanmaq mümkün deyil. Gərək hücumameylli oyunçular da müdafiə olunmağı bacarsınlar. Hərçənd ki, adıçəkilən uldzular bunun öhdəsindən gəlmirdilər, yalnız top onlarda olanda oynayırdılar”.
Həmsöhbətimizin sözlərinə görə, Luis Enrikenin ən doğru addımlarından biri də həmin o mövqelərdəki oyunçuların uğurla dəyişdirilməsidir:
“Yəni Dembele, Due və Kvaratsxeliya kifayət qədər hücumameylli oyunçular olsalar da, geriyə dönərək mövqeləri bağlayırlar. Bu isə müdafiə olunmağı bacaran bir kollektiv yaratdı. Bütün bunlar isə PSJ-ni ardıcıl 2 il Çempionlar Liqasının finalına daşıdı. Paris təmsilçisi keçən ilki finalda “İnter”ə qarşı tam üstünlük qursa da, bu dəfə “Arsenal”ı çətinliklə, hətta bəxti gətirərək məğlub etdi”.
Mütəxəssis Luis Enrikenin “Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidanın ardıcıl 3 dəfə Çempionlar Liqasını qazanma rekorduna şərik olma ehtimalı ilə bağlı isə bunları deyib:
“Hesab edirəm ki, PSJ gələn il də ən azından Çempionlar Liqasının son dördlüyünə düşəcək səviyyədədir. Buna rəğmən, indidən yarımfinalda və ya finalda məğlub olub-olmayacağını proqnozlaşdırmaq qeyri-mümkündür. Düzdür, Enrikenin Zidanın uğurunu təkrarlama ehtimalı nəzəri cəhətdən var. Lakin bunun baş verib-verməyəcəyi ilə bağlı vaxtı gələndə danışmaq daha doğru olar”.
Elmir Mustafa



