Qurban bayramı ərəfəsində heyvan bazarlarında hərəkətlilik artır və bu vəziyyət qiymətlərdə də özünü göstərir.
Bayram münasibətilə qurban kəsmək istəyənlərin sayı çoxaldığından satışa çıxarılan heyvanlara maraq yüksəlir. Alıcı axınının güclənməsi isə xüsusilə qoyun və quzu bazarında qiymətlərin bahalaşmasına gətirib çıxarır. Onu da qeyd edək ki, bayram günlərində ətin qiyməti də artır.
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, son illərdə ölkədə ət məhsullarının qiymətində davamlı bahalaşma müşahidə edilir:

“Xüsusilə Qurban bayramı yaxınlaşdıqca bazarda canlanma artır və bu da qiymətlərə təsirsiz ötüşmür. Bazarda yaranan əlavə tələbat qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər”.
Ekspertin fikrincə, hazırkı qiymətlər artıq yüksək həddə yaxınlaşdığı üçün bundan sonra baş verəcək ciddi bahalaşma bazardakı satışlara mənfi təsir göstərəcək.
Günel Cəlilova


