“Hisə verilmiş balıq gündəlik qida sayılmır və gündəlik qidanı əvəz edə bilməz”.
Bu sözləri qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O, hisə verilmiş balıqların keyfiyyətindən də söz açıb:
“Bu günləri bazarlarda, küçələrdə, açıq satışda satılan hisə verilmiş balığın hansısa bir insan orqanizmi üçün xeyrindən danışmaq olarmı? Qətiyyən olmaz! Çünki həmin antisanitar vəziyyətdə, günəşin qarşısında, açıq havada, toz-torpaq içində satılan məhsulun insan sağlamlığı üçün ziyandan başqa heç bir xeyri ola bilməz.
Ümumiyyətlə, o balıqlar hansı formada hisə verilir? Hisə verilmiş balığın tərkibində kimyəvi maddələrin yığıntısı nə qədərdir? Həmin balıqlarda duzun miqdarı nə qədərdir? Əfsuslar olsun ki, bu suallar cavabsızdır”.
Ekspert qeyd edib ki, bəzi işbazlar yararsız balıqları hisə verərək yenidən satışa çıxarırlar:
“Bu da təbii ki, insan sağlamlığı üçün birmənalı şəkildə ziyandır. İstər böyrəklərin yüklənməsində, istər insan bədənində ödəm yığılmasında, istərsə də ürək-damar çatışmazlığına səbəb olur. Yəni hisə verilmiş balıq insan sağlamlığına ziyandan başqa bir şey deyil”.
Lakin həmsöhbətimiz hisə verilmiş balıq alarkən nələrə diqqət etmək lazım olduğundan da danışıb:
“İlk növbədə onun markalanması, qablaşdırılması standartlara və normalara uyğun olmalıdır. Balığın paketinin üzərində saxlama şəraitinin və saxlanma temperaturu birmənalı şəkildə yazılmalıdır. Bundan başqa, hisə verilmiş balıqlardan hansısa pis qoxu gələrsə, rəng dəyişikliyi və ya turşumuş dad hiss olunarsa onun alınması yol verilməzdir. Ancaq nəzərə almaq lazımdır ki, bu məhsul risk qrupuna aiddir. Yəni belə məhsullardan mütəmadi istifadə edənlərin orqanizmlərində problem yaranmaması mümkün deyil”.
İlkin Şirinov onu da əlavə edib ki, yalnız düzgün texnologiya ilə hazırlanmış hisə verilmiş balıqdan istifadə etmək olar:
“Düzgün texnologiya ilə hazırlananda kimyəvi maddələrin yığıntısı balığın tərkibində az olduğu üçün insan sağlamlığına fəsad yaratmır. Çünki belə texnologiya ilə hazırlanan hisə verilmiş balıqlar daha sonra laborator nəticələrdən də keçirilir. İnsan sağlamlığına risk yaratmadığı təqdirdə, satışa çıxarılır.
Yalnız belə hazırlanmış hisə verilən balıqlardan yeyilə bilər. Lakin yenə deyirəm müxtəlif sintetik və plastik məhsullarda hisə verilmiş balıq birmənalı şəkildə insan sağlamlığını riskə atır. Hətta onun tərkibindəki kimyəvi maddələr xərçəngin yaranmasına da gətirib çıxarır”.
Pərviz



