Sosial şəbəkələrin “saxta həyat” görüntüsü...

KÖŞƏ YAZILARI
10:45 / 01.06.2026
95

Müasir dünyanı sosial şəbəkələrsiz təsəvvür etmək insana fantastika kimi gəlir.

Çünki sözügedən platformalar gündəlik həyatımızın hər anında bizimlədir. Səhər yuxudan oyananda yerimizdən qalxmadan birbaşa telefonu əlimizə alıb, sosial şəbəkələrə daxil oluruq. Yalnız ondan sonra günə başlayırıq. Həmçinin, gecə yatmazdan öncə də tam yuxulayana qədər sosial şəbəkələrdə vaxt keçiririk.

Lakin gün ərzində sosial şəbəkələrdə “mükəmməl həyat”larla qarşılaşırıq. Məsələn, kimsə səhər tezdən oyanıb, meditasiyasını edib, estetik bir qəhvə fincanının yanında kitab oxuduğu fotosunu paylaşır. Başqa biri ideal bədən quruluşu ilə idman zallarından rəngli videolar paylaşır, bir digəri isə iş həyatındakı növbəti “böyük uğurunu” qeyd edir. Üstəlik, paylaşımlardan görürük ki, hamı səyahətdədir, hamı sevir, hər kəs mükəmməl geyinir və ən əsası – bütün insanlar çox xoşbəxtdir. 

Sonra gördüklərimizi öz həyatımızla müqayisə etdikdə isə böyük xəyal qırıqlığı yaşayırıq. Halbuki gördüklərimizin nə qədərinin real olduğu da şübhəlidir. İnsanların xoşbəxt görünmək, daha çox izlənmək və daha çox “like” almaq üçün paylaşımlar etdiyini unuduruq. Yəni insanların əksəriyyəti yaşadığı deyil, sosial şəbəkə paylaşımlarından ibarət “saxta həyatı”nı paylaşırlar.

Çünki müasir dünyada xoşbəxtlik artıq daxili bir hiss deyil, xarici bir təsdiq mexanizmidir. Bir restoranda yeməyin dadından zövq almaq deyil, onun fotoqrafiyasını rəqəmsal dünyaya bəyəndirmək daha vacib hala gəlib. Əgər bir hadisənin fotosu yoxdursa, o sanki heç baş verməyib. Biz duyğularımızı rəqəmlərə – layklara və şərhlərə endirmişik. 

Hərçənd ki, o fotolardakı insanların da borcları və problemləri var. Sadəcə kimsə ağlayarkən və ya bank qəbzinə baxıb köks ötürərkən paylaşım etmir. Əslində, sosial şəbəkə pis bir yer deyil, sanki rəngli bir jurnaldır. Lakin orada gördüyümüz hər şeyi həqiqət kimi qəbul etməməliyik. Unutmayın, ən gözəl anlar – heç vaxt çəkilə bilməyən, kameranı işə salmağı unutduğumuz və sadəcə “yaşadığımız” o saniyələrdir...

Pərviz Şimşək

0