Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb.
Oxu.Az-ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir.
Belə ki, qeyd olunan maliyyə qurumları müştəri şikayətlərinə baxılması üçün müstəqil funksiya formalaşdırmalıdırlar.
Bu məqsədlə qurumun fəaliyyətinin həcminə və müştərilərinin sayına uyğun olaraq ayrıca struktur bölmə yaradılmalı və ya məsul şəxs təyin edilməlidir.
Şikayətləri araşdıran şəxslər müvafiq sahə üzrə bilik və təcrübəyə malik olmalı, mütəmadi təlimlərə cəlb edilməlidirlər. Maraqlar münaqişəsinin qarşısının alınması üçün həmin şəxslər qurumların biznes əməliyyatlarından və aidiyyəti bölmələrindən kənar fəaliyyət göstərməlidirlər.
Yeni qaydalara görə, şikayətlərə baxılması funksiyasının əsas vəzifələrindən biri müştərilərdən daxil olan müraciətləri araşdırmaq və qanunvericiliyin tələblərinə uyğun cavablandırmaqdır. Bununla yanaşı, şikayətlərin reyestri aparılmalı, onların əsas səbəbləri üzrə statistika hazırlanmalı, müştərilərin hüquqlarının pozulması hallarının aradan qaldırılması üçün rəhbərliyə təkliflər verilməlidir.
Şikayətlərin araşdırılması zamanı müvafiq bölmələrdən sənədlər və məlumatlar tələb edilə, müştərilərlə görüşlər keçirilə, onlara məsləhət və izahlar verilə bilər.
Qərarda şikayətlərə baxılması funksiyasının fəaliyyətinə nəzarət mexanizmləri də müəyyənləşdirilib. Belə ki, bank və sığorta şirkətlərində bu fəaliyyətin nəticələri barədə rəhbərliyə azı rübdə bir dəfə hesabat təqdim edilməlidir. Banklarda və investisiya şirkətlərində həmin funksiyanın fəaliyyəti ildə azı bir dəfə daxili audit tərəfindən yoxlanılmalıdır.
Bundan başqa, bank, sığorta və investisiya şirkətlərində etik davranış qaydaları da genişləndirilib. Yeni tələblər korrupsiya və vəzifədən sui-istifadənin qarşısının alınmasını, qanun pozuntuları barədə məlumat verən şəxslərin təzyiqlərdən qorunmasını, müştərilərlə ədalətli davranılmasını və məlumatların məxfiliyinin təmin olunmasını əhatə edir.


