Dünyanın ən möhkəm böcəklərindən biri hesab edilən şeytani zirehli böcək avtomobil təkərinin yaratdığı təzyiqə davam gətirə bilir. Alimlər onun qeyri-adi bədən quruluşunu araşdıraraq aviasiya sənayesində istifadə oluna biləcək yeni texnologiyalar üzərində işləyirlər.
HİT.az xəbər verir ki, bu barədə “ZME Science” nəşri məlumat yayıb.
Təxminən iki santimetr uzunluğunda olan Phloeodes diabolicus adlı böcək ABŞ-ın qərb bölgələrində, əsasən Kaliforniyada yaşayır. Onun əsas xüsusiyyəti son dərəcə möhkəm xarici skeletidir. Böcəyin zirehini təşkil edən iki hissə pazlın detalları kimi bir-birinə birləşir. Bu quruluş təzyiqin bədən boyunca bərabər paylanmasına və zirehin sınmasının qarşısının alınmasına kömək edir.
2020-ci ildə Kaliforniya Universitetinin İrvayn kampusu və Purdue Universitetinin alimlərinin apardığı araşdırma maraqlı nəticələr ortaya qoyub. Məlum olub ki, böcəyin xarici skeleti təxminən 150 nyuton qüvvəyə davam gətirir. Bu, onun öz çəkisindən təxminən 40 min dəfə artıq yük deməkdir. Müqayisə üçün, torpaq səthində avtomobil təkərinin böcəyə göstərdiyi təzyiq təxminən 100 nyuton ola bilər.
Purdue Universitetinin mühəndislik professoru Pablo Zavattierinin sözlərinə görə, böcəyin zirehindəki birləşmə mexanizmi pazl prinsipi ilə işləyir. Bu sistem müxtəlif zireh lövhələrini bir-birinə möhkəm bağlayır.
Alimlərin diqqətini çəkən digər xüsusiyyət isə zirehin həddindən artıq təzyiq zamanı tədricən deformasiyaya uğramasıdır. Beləliklə, daxili təbəqələr bir-birindən ayrılaraq enerjini udur və bütün konstruksiyanın qəfil dağılmasının qarşısını alır.
Bu təbii mexanizm mühəndislər üçün də maraq doğurub. 2020-ci ildə böcəyin zireh quruluşundan ilhamlanaraq karbon kompozitindən xüsusi birləşmə hazırlanıb. Sınaqlar zamanı onun ənənəvi aviasiya birləşmələri qədər möhkəm olduğu, eyni zamanda zərbə enerjisini daha yaxşı udduğu müəyyən edilib.
2026-cı ildə aparılan yeni araşdırmada isə eyni prinsip təyyarələrdə istifadə olunan kompozit materialların təmiri üçün sınaqdan keçirilib. Yeni birləşmə konstruksiyaları dartılma zamanı ənənəvi təmir üsulları ilə müqayisədə 30,47 faiz daha yüksək maksimal yükə tab gətirib.
Bununla belə, texnologiyanın təyyarələrdə birbaşa tətbiqi üçün əlavə araşdırmalara ehtiyac var. Alimlər hesab edirlər ki, təbiətdə milyonlarla il ərzində formalaşmış müdafiə mexanizmləri gələcəkdə daha davamlı və zədələrə qarşı dayanıqlı mühəndislik konstruksiyalarının yaradılmasına kömək edə bilər.
Samir


