Gündə neçə qoz və fındıq yemək olar? - Mütəxəssislər ideal miqdarı açıqladı

SAĞLAMLIQ
18:00 / 10.11.2026
38

Qoz və fındıq ürək-damar sisteminin sağlamlığını qorumağa kömək edən faydalı qidalar sırasındadır. Lakin yüksək kalorili olduqları üçün onların gündəlik istehlak miqdarına diqqət yetirmək tövsiyə olunur.

HİT.az xəbər verir ki, mütəxəssislər gündə 20-30 qram çərəz qəbul etməyi məsləhət görürlər. Bu miqdar təxminən bir ovuca sığan kiçik porsiyaya bərabərdir.

Mütəxəssislərin hesablamalarına görə, gündəlik norma 5-7 ədəd qoz ləpəsi (3-4 bütöv qoz) və ya 15-20 ədəd fındıqdan ibarət ola bilər. Bu porsiyanın enerji dəyəri təxminən 160-180 kilokaloridir.

London İmperial Kollecinin tədqiqatçıları da gündəlik 28 qram çərəz qəbulunun ürəyin işemik xəstəlikləri və digər ürək-damar problemləri riskinin azalması ilə əlaqəli olduğunu müəyyən ediblər. Araşdırmalarda bu miqdarda çərəz yeyən iştirakçıların çəkisində artım müşahidə edilməyib.

Qoz və fındığın orqanizmə faydaları

Qoz bitki mənşəli omeqa-3 yağ turşularının, xüsusilə alfa-linolen turşusunun zəngin mənbələrindən biridir. Bu maddə hüceyrə membranlarının normal fəaliyyətinə kömək edir və damar sistemində iltihabi proseslərin azalmasında rol oynayır.

Fındıq isə olein turşusu və E vitamini ilə zəngindir. E vitamini hüceyrələri sərbəst radikalların təsirindən qoruyan antioksidantdır. Bundan başqa, fındığın tərkibində maqnezium, sink, manqan, mis və lif də var. Bu maddələr sinir sisteminin, bağırsaqların və ümumi maddələr mübadiləsinin normal fəaliyyətinə töhfə verir.

Çərəzləri necə istehlak etmək lazımdır?

Mütəxəssislər faydalı xüsusiyyətlərini qorumaq üçün duzsuz, şəkərsiz və yüksək temperaturda qovrulmamış çərəzlərə üstünlük verməyi məsləhət görürlər.

Qoz və fındığı səhər yeməyində yulaf sıyığına, təbii yoqurta və ya kəsmiyə əlavə etmək mümkündür. Onlardan salatlarda və müxtəlif yeməklərin hazırlanmasında da istifadə edilə bilər.

Gün ərzində qəlyanaltı kimi bir ovuc çərəz yemək də tövsiyə olunan variantlardan biridir. Əsas şərt gündəlik miqdarı aşmamaq və çərəzləri balanslı qidalanmanın bir hissəsi kimi qəbul etməkdir.

Samir

0